Kutaisi şəhərində “Gürcüstan Bankı”nın filialında insanları girov götürən qarətçinin tələblərinin yerinə yetirilməsi üçün qoyduğu vaxt başa çatıb.
Polislərin mühasirəyə aldıqları bank binasının yanında girovların ailə üzvləri toplaşıblar. Əraziyə əlavə qüvvələr cəlb olunub.
12 girovdan üçü qadındır.
Bundan əvvəl səsləndirilən tələblərdən birinin yanlış anlaşıldığı da bəlli olub. Gürcüstan KİV-də yayılan məlumata görə, qarətçi tilov deyil, rasiya tələb edirmiş. Qarətçinin dediyi “ankesi” sözü gürcü dilində bu hər iki mənanı verir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşlardan və KİV nümayəndələrindən bankın yaxınlığındakı ərazini tərk etmələrini istəyiblər.
Girov götürən şəxs ofisin daxilində partlayıcı yerləşdirdiyini sübut edən kadrları sosial şəbəkədə yayıb.
“Burada bombalar qoymuşam, qapı açılan kimi partlayacaq”, – adam deyir.
Girovlardan biri isə deyir: “Onun üstündə saniyəölçən də var, o, zarafat etmir”.
Girov götürən şəxs yeni tələblər irəli sürüb. Məlumata görə, o, helikopter, tilov və Rusiya bayrağı istəyir. Əvvəlki iki milyon dollar tələbi də qüvvədədir.
Sosial şəbəkələrdə yayılan videoda qarətçi girovdan xahiş edir ki, onun tələbini səsləndirsin.
Girov öncə: “Üç saat ərzində iki milyon dollar gətirilsin”, – deyir. Sonra isə girov qarətçiyə xitabən: “Qardaş, öz tələblərini özün de”, – söyləyir.
Həmçinin o da bildirilir ki, qarətçi bankın giriş qapılarını minalayıb, iki qadını isə girovluqdan azad edib.
Binanı polislər mühasirəyə alıblar. Bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.