Göyçayda bir gündə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq cinayətləri törədən 7 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının və bank kartlarının oğurlanması barədə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Kənan Yəhyayev tutularaq istintaqa təhvil verilib. Şəxsi axtarış zamanı ondan oğurladığı bank kartları, eləcə də narkotik vasitə olan heroin, psixotrop maddə – metamfetamin və metadon həbləri aşkarlanaraq götürülüb.
Araşdırma zamanı K.Yəhyayevin oğurladığı qızılları Mingəçevir şəhərində satdığı, narkotik vasitəni isə onlayn yolla xarici ölkə vətəndaşından aldığı müəyyən edilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsi və rayon polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş 6 nəfər – Nicat Məmmədov, Orxan Abdurəhimli, Səxavət Qəhrəmanov, Əbülfət Bayramov, Bəxtiyar Mehdiyev və Nicat Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı saxlanılan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.