“Google” bir neçə ildir ki, istifadəçilərin şəxsi məlumatlarını toplayıb və hətta uşaqların səsini də qeydə alıb.
Bu barədə “Google”un daxili məlumat bazasına istinadən məlumat verilir.
Bu bazada təqdim olunan məlumatlara əsasən, 2013-cü ildən 2018-ci ilə qədər “Google”un əməkdaşları minlərlə istifadəçilərin şəxsi məlumatlarının saxlanması və istifadəsi hallarını qeydə alıblar. Məsələn, bu hallardan biri istifadəçilərin xəbəri olmadan onların elektron məktublarının saxlanılması ilə bağlı olub.
Bundan əlavə, sənədlərdə “Waze” istifadəçilərinin ünvanlarının açıqlanması, silinmiş baxış tarixçəsi əsasında “YouTube”da tövsiyələrin göstərilməsi və “Socratic” tədris proqramında bir milyondan çox istifadəçinin (o cümlədən uşaqların) elektron poçt ünvanlarının açıqlanması qeyd olunur.
“Google”un nümayəndəsi bəzi məlumatları təsdiqləyib, lakin hesabatların altı il əvvəl tərtib edildiyi üçün köhnəldiyini bildirib.
Xatırladaq ki, dörd il əvvəl ABŞ-də “Google”un baş şirkəti “Alphabet Inc”ə qarşı iddia qaldırılmışdı. Korporasiya, hətta icazə verilmədikdə belə, müxtəlif proqramların istifadəçiləri izləməsində ittiham olunub. Məlumatların toplanması, hətta brauzerdə “İnkoqnito” rejimi aktiv olduqda belə həyata keçirilib.