Ötən gün Gəncə şəhərində baş verən kütləvi davada bıçaqlananlardan biri – 1994-cü il təvəllüdlü Niyazi Bayramov dünyasını dəyişib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Xatırladaq ki, dekabrın 11-də saat 20 radələrində Gəncə şəhərində kütləvi dava olub. Olayda bir nəfərin öldüyü, 2 nəfərin isə yaralandığına dair məlumat yayılmışdı.
Dava qohumlar arasında baş verib. Hətta öldürülən Əli Bayramov Kamal Bayramovun 3 ay evində qalıb. Bu müddət ərzində Ə.Bayramov ailədən olan bir nəfərdən ilk dəfə 5 min, ikinci dəfə isə 2700 manat alıb. Amma pulları qaytarmayıb. Mübahisə də bu səbəbdən yaranıb.
Kamal Bayramovun anası Ofelya Bayramova hadisənin bəzi təfərrüatı haqqında məlumat verib:
“Dünən bu vaxtı Əlinin qaynanasına zəng etdim ki, bizim pulumuzu alıb qaytarsın. Telefonu qadının əlindən alaraq dedi ki, tapançam var gəlib sizi öldürəcəm. Sonra isə hazırda yaralı olan oğluma dedi ki, filan yerə gəl. Mən qoymadım və qapını bağladım. Sonra işə getdim. Qayıdan zaman eşitdim bu hadisə baş verib”,- deyə O.Bayramova bildirib.
Məlumat üçün bildirək ki, qətli törədən K.Bayramov tarix müəllimi, qətlə yetirilən Ə.Bayramov isə Daşkəsən rayonunda ingilis dili müəllimi işləyib.
Bildirilib ki, aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.