QafqazTimes xəbər verir ki, Fələstinin ədliyyə naziri Məhəmməd əş-Şəlaldə şənbə günü Əl-Cəzirə telekanalının jurnalisti Şirin Əbu Aqilənin qətlinin terror olduğunu vurğulayıb.
Əl-Cəzirə telekanalına müsahibə verən əş-Şəlaldə deyib: “Əbu Aqilənin öldürülməsi müharibə cinayəti səviyyəsindədir. Onun qətli qəsdən və qeyri-qanuni atılmış bir addım idi ki, sionist rejimi həqiqəti gizlədə bilsin.”
O, cinayəti törədənin müəyyən edilməsi üçün istintaq araşdırmalarının tamamlandığını əlavə edərək, Şirinə dəyən güllənin İsrail hərbçiləri tərəfindən atıldığını bildirib.
Fələstinli nazir meyyit üzərində aparılan araşdırmaların cavabının bu yaxında hazır olacağını qeyd edərək, bildirib ki, sionist rəsmilər mühakimə olunmalı və cəzalandırılmalıdır.
O, sionist rejimin bu cinayətə görə məsuliyyət daşıdığını vurğulayaraq deyib: “Biz istənilən beynəlxalq təhqiqat komitəsinin yaradılmasının tərəfdarıyıq və bu rejimin mühakimə və istintaq mexanizmləri yaradılmalıdır.”
Məhəmməd əş-Şəlaldə sonda belə əlavə edib: “Biz cinayət işinin yekununu Haaqa məhkəməsinə göndərəcəyik. Əgər İsrail mühakimə olunmasa, meşə qanunları qüvvəyə minmiş olacaq. Buna görə də, istər Təhlükəsizlik Şurası, istərsə də Baş Assambleya səviyyəsində Ali Məhkəmə strukturu yaradılmalıdır.”