Strateji dəhlizə nəzarətin ABŞ-a verilməsi bu ölkəyə İranla sərhəddə hərbi dayaq nöqtəsi qazandıracaq.
Periodista Digital tərəfindən əldə edilən məxfi memoranduma əsasən, Ermənistanın Zəngəzur dəhlizi 99 il müddətinə ABŞ-ın nəzarətinə veriləcək. Bu razılaşma nəticəsində Ermənistan mühüm ərazi üzərində nəzarəti ABŞ-ın özəl hərbi şirkətlərinə təhvil verəcək və Azərbaycan üçün Naxçıvanla Türkiyə arasında maneəsiz keçidi mümkün edəcək.
İspan mətbu orqanının məlumatına görə, “Tramp Körpüsü Nəqliyyat Dəhlizinin Yaradılması üzrə Anlaşma Memorandumu” adlanan sənəd artıq Ermənistan, Azərbaycan və ABŞ tərəfindən təsdiqlənib.
Sənəd Ermənistanın Sünik bölgəsində, İranla sərhəd boyunca uzanan 42 kilometrlik iqtisadi və hərbi dəhlizin yaradılmasını nəzərdə tutur. Bu, 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas tələblərindən biri idi.
Razılaşmada Sünik bölgəsinin Ermənistanın suveren ərazisi kimi tanındığı qeyd olunsa da, dəhlizin idarəsi və təhlükəsizliyi lisenziyalı ABŞ özəl hərbi şirkətinə (PMC) həvalə olunacaq. Təxminən 1,000 nəfərlik heyətin bölgəyə yerləşdirilməsi gözlənilir.
PMC-yə “dəhlizin bütövlüyünü qorumaq” üçün güc tətbiq etmək səlahiyyəti veriləcək ki, bu da faktiki olaraq bölgənin Ermənistanın nəzarətindən çıxması deməkdir.
Maliyyə baxımından razılaşma ABŞ üçün daha əlverişli şərtlərlə hazırlanıb: dəhlizdən əldə olunan gəlirin 40 faizi ABŞ-ın idarəedici şirkətinə, yalnız 30 faizi isə Ermənistana veriləcək.
Hesabata görə, dəhlizin ABŞ-ın proksi qüvvələri tərəfindən hərbiləşdirilməsi, İran sərhədində daimi ABŞ mövcudluğu yaradaraq daha geniş strateji məqsədləri əks etdirir. Dəhliz ilkin mərhələdə ağır silahlarla təchiz olunmasa da, Ermənistan–İran sərhədində ABŞ-a bağlı qüvvələrin mövcudluğu ciddi geosiyasi dəyişiklik kimi qiymətləndirilir.
Memorandum Ermənistanda və erməni diasporunun bir hissəsində ciddi narazılıq yaradıb. Bir çoxları Baş nazir Nikol Paşinyanın bu şərtlərlə razılaşmasını “milli xəyanət” kimi dəyərləndirir.
Tənqidçilər iddia edirlər ki, bu razılaşma Ermənistanın suverenliyini zəiflədir və ABŞ ilə uzun illərdən bəri düşmən olan, həmçinin XX əsrin əvvəllərində ermənilərə qarşı soyqırımı törətmiş Türkiyənin strateji maraqlarına xidmət edir.
Uzun illər Ermənistanın əsas müttəfiqlərindən biri sayılan və ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa, dəhlizin tətbiqindən sonra bölgədəki nüfuzunun əhəmiyyətli dərəcədə azalması ilə üzləşə bilər.
Forbes-in məlumatına görə, “enerji axınları Bakı üçün Türkiyəyə quru bağlantı yaratmaq cəhdinin təcili xarakterini ortaya qoyur.” Zəngəzur dəhlizi vasitəsilə Azərbaycana Türkiyə üzərindən Avropaya neft ixracını genişləndirmək imkanı veriləcək.
Avropa isə Ukrayna müharibəsi fonunda Rusiyadan aldığı neft və qazın əvəzini tapmaq üçün alternativ enerji mənbələri axtarır.
Forbes əlavə edir: “Beynəlxalq Enerji Agentliyinin 2025-ci il üzrə Dünya Enerji Proqnozu göstərir ki, Avropa 2030-cu ilə qədər əlavə 20 milyard kubmetr qeyri-Rusiya mənşəli qaz idxal etməlidir. Ermənistan–Türkiyə münasibətlərinin normallaşması Xəzər ehtiyatlarına çıxışı asanlaşdıra bilər və BP kimi şirkətlər üçün idxal xərclərini 10–15 faiz azalda bilər.”
