Bu ilin 10 sentyabr tarixində Göyçay şəhərində 1968-ci il təvəllüdlü Əliyev Əli Əlibala oğlunun qətlə yetirilməsinin görüntüləri yayılıb.
Dəhşətli qətl əməli 2 gənc oğlan tərəfindən törədilib.
Qətlə yetirilən Əli Əliyevin bacısı Seyva Əliyeva bildirib ki, çox böyük əhəmiyyətə malik sübut olan videogörüntülər qardaşının 2 nəfər tərəfindən bıçaqlanaraq öldürüldüyünü təsdiq etsə də istintaq orqanı yalnız Göyçay şəhər sakini, 2005-ci il təvəllüdlü Babazadə İsmayıl Müşviq oğlunu saxlayaraq istintaqa cəlb edib: “Videodan da göründüyü kimi qardaşımı 2 nəfər qətlə yetirib. Hadisə baş verən gün onların ikisi də tutulsa da, sonradan bizə məlum olmayan səbəblərdən, bəlkə də pul alaraq Şamilov Nihad Sərdar oğlu sərbəst buraxıldı. Çünki 2 nəfərin törətdiyi əmələ görə mütəşəkkil dəstənin bu cinayəti törətməsi faktı ortaya çıxır və istintaq orqanı onları məsuliyyətdən kənarda tutmaq üçün belə bir addım atıb. Həmçinin qardaşımı qətlə yetirən şəxslərdən biri olan İsmayıl Babazadə yetkinlik yaşına çatmadığı üçün cinayəti onun üzərinə qoyub daha yüngül cəza almasını təmin edərək qardaşımın qanını batırmağa çalışırlar. Halbuki həm görüntülər, həm də hadisə yerindən tapılan digər dəlillər hadisənin 2 nəfər tərəfindən əvvəlcədən planlaşdırılmış formada törədilməsini təsdiq edir”.
S.Əliyeva bildirib ki, videokadrlardan hadisəni törədən 2 nəfərin Əli Əliyevin yaşadığı evin qarşısında onunla mübahisə etməsi, N.Şamilovun əvvəlcə İsmayılı irəli itələyərək ilk bıçaq zərbəsi endirməyə şərait yaratdığı görünür: “Videoda hər şey aydın şəkildə məlum olur. Nihad İsmayılı əvvəlcə önə itələyir ki, qardaşımı bıçaqlasın, daha sonra onun ardınca yaxınlaşaraq özü də bıçaq zərbəsi vurur. Əvvəlcə İsmayıl, sonra isə Nihad hadisə yerindən qaçır. Bütün bunlar onu göstərir ki, qətl cinayəti bu iki şəxsin birgə iştirakı ilə törədilib. Lakin istintaq Nihadı məsuliyyətə cəlb etmək, onu törətdiyi qətl əməlinə görə həbs etmək istəmir”.
O da məlum olub ki, hadisəni törədən şəxslərdən biri olan İsmayıl Babazadənin ailəsinin Ə.Əliyevə 1500 manat borcu olub. O, pulu istədiyinə görə qarşı tərəflə münaqişə yaranıb. Ürək, qara ciyər və çənə nahiyəsindən 3 bıçaq xəsarəti alan Əli Əliyev Göyçay Mərkəzi rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Ə.Əliyev xəstəxanada ölüb.
S.Əliyeva Baş Prokurorluqdan, eləcə də dövlət rəhbərliyindən qardaşını qətlə yetirən şəxslərin hamısının məsuliyyətə cəlb edilməsini xahiş etdiyini bildirib.