Al-Mayadeen xəbər şəbəkəsi bildirib ki, Məhəmməd Culani ailəsi ilə birlikdə Dəməşqi tərk edib, eyni zamanda Suriya Radio və Televiziya qurumunun nəzarəti silahlı şəxslərin əlinə keçib.
Qafqaz Times-ın məlumatına görə, Al-Mayadeen telekanalı suriyalı mənbələrə istinadla bildirib ki, Əhməd əl-Şaraa (Əbu Məhəmməd Culani) ailəsi ilə birlikdə Dəməşqdən çıxıb.
Suriya rəsmi mənbələri və dövlət mediası bu xəbəri hələlik təsdiqləməyib. Qətərin Əl-Cəzirə şəbəkəsi – Culani-nin təbliğat platforması və Suriyanın yeni hökumətinin əsas media dayağı – Culani-nin Qətər əmiri Əl-Taniyə Suriyaya verdiyi dəstəyə və ölkədə sabitliyin gücləndirilməsindəki roluna görə təşəkkür etdiyi xəbərini yayımlayıb.
Al-Mayadeen-in məlumatına görə, eyni zamanda bir silahlı qrup Suriya Radio və Televiziya binasına daxil olaraq orada qəfil hücumla nəzarəti ələ keçirib.
Culani hökumətinin üç yüksək rütbəli nümayəndəsi qətlə yetirilib
Al-Mayadeen əlavə olaraq xəbər verib ki, bir sui-qəsd əməliyyatı zamanı Culani hökumətinin üç yüksək vəzifəli rəsmisi hədəfə alınıb. Onlardan biri müdafiə naziri Murhef Əbu Qəsrədir.
Ərəb qəbilələri ümumi səfərbərlik elan edib
Dünən gecə Suriya Ərəb Qəbilələrinin Ali Şurası bəyanat yayaraq ölkənin bütün bölgələrindəki qəbilələri Suveydaya doğru hərəkət etməyə çağırıb.
Bəyanatda deyilir: “Biz Suriya qəbilələrinin övladları olaraq, Suveyda vilayətində bədəvi qəbilələrə qarşı həyata keçirilən qətl və soyqırım cinayətlərini dərin narahatlıqla izləyirik; bu cinayətlər nəticəsində günahsız ailələr didərgin düşüb.”
Suriya Ərəb Qəbilələrinin Ali Şurası, “öz əxlaqi və qəbilə məsuliyyətinə əsaslanaraq” Culani hökumətindən tələb edib ki, Suveydaya doğru hərəkət edən qüvvələrin qarşısını almasın və müdaxilə etməsin.
Bəyanatın davamında vurğulanır: “Biz qanuni hüququmuz çərçivəsində zülmə məruz qalanları müdafiə edəcək və qadınlara, uşaqlara və yaşlılara qarşı edilən təcavüzlərə qarşı duracağıq.”
Əl-Ərəbiyyə: 50 mindən çox qəbilə döyüşçüsü Suveydaya doğru yola çıxıb
Əl-Ərəbiyyə xəbər verir ki, Suriya Ərəb Qəbilələrinin Ali Şurasının səfərbərlik çağırışından sonra 50 minə yaxın qəbilə döyüşçüsü Suveydaya doğru irəliləyib və on minlərlə nəfərin yaxın saatlarda Suveyda ətrafına çatacağı gözlənilir.
Ali Qəbilə Şurası bəyanatında bildirib ki, Suveydada druzilərin ərəb kəndlərinə hücumlarına cavab olaraq “qardaşlarına” yardım etmək üçün hərəkətə keçiblər.
Bu hücumda iştirak edən qəbilələrin sayı 41-i keçib və bu qəbilələr Suriya əhalisinin 70 faizindən çoxunu təmsil edir. Eyni zamanda İraq, İordaniya və Livandan olan qəbilələr də Suveydaya doğru hərəkətə keçməyə hazır olduqlarını bildiriblər.
Dünən druzilərdən olan şeyx Hikmət əl-Hicriyə bağlı silahlı qrupların ərəb qəbilələrinin kəndlərinə hücumu nəticəsində 100 nəfər həlak olub, minlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Suveydada internet, mobil şəbəkə və elektrik tamamilə kəsilib
Al-Mayadeen-ə danışan yerli mənbələr bildiriblər ki, İsrailin hava hücumu zamanı Palimira–Homs marşrutu ilə hərəkət edən bədəvi silahlıların karvanı hədəfə alınıb.
Eyni zamanda xəbər verilib ki, Suveydada tam rabitə kəsilib – internet, mobil şəbəkə və elektrik yoxdur. Bu isə bölgədə təhlükəsizliklə bağlı ciddi narahatlıqlara səbəb olub.
Mənbələr əlavə ediblər ki, əlaqələrin kəsilməsi ilə eyni vaxtda Suveydanın sərhədlərində genişmiqyaslı hərbi əməliyyat üçün hazırlıqlar gedir. Bu isə bölgəni daha da dərin böhrana sürükləyə bilər.
Əl-Hədəs: Suriya qəbilələri Suveydanın böyük bir hissəsini nəzarətə götürüb
Əl-Hədəs xəbər verir ki, Suriya qəbilələri ümumi səfərbərlik elan etdikdən sonra gecə saatlarında Suveydaya doğru hərəkətə keçiblər.
Əl-Hədəs-in mənbələrinə görə, qəbilə qüvvələri Suveydanın bəzi bölgələrinə daxil olub və ətraf kəndlərdə sürətli irəliləyiş nümayiş etdiriblər. Məlumatlara əsasən, qəbilələr vilayətin mərkəz hissəsinin böyük bir hissəsinə nəzarəti ələ alıblar.
Eyni zamanda, İsrailə məxsus döyüş təyyarələrinin Cənub Suriyada, xüsusilə Suveydanın hava sahəsində uçduğu müşahidə edilib. Həmçinin İsrail pilotsuz təyyarələrinin Suveydanın ətraf bölgələrində Suriya qəbilələrinə qarşı hücumlar təşkil etdiyi barədə xəbərlər yayılıb.
Əl-Cəzirə: Suveydanın ətrafında ağır döyüşlər gedir
Əl-Cəzirə xəbər verib ki, Suriya qəbilə qüvvələri Suveydanın ətrafında cəmlənib və silahlı qruplarla aralarında ağır toqquşmalar baş verir.
İsrailin Suriya qəbilələrinə qarşı şiddətli hava hücumları
Suriyalı mənbələrin verdiyi məlumata görə, İsrailə məxsus döyüş təyyarələri Suveydanın ətrafında yerləşən qəbilə qüvvələrini hədəf alaraq, druzilərə hərbi dəstək verir.
