Özünü Suriya hökumətinin rəhbəri elan etmiş Məhəmməd Culani İsrail rejiminin təcavüzlərinə qarşı fəaliyyətsizlik və güzəşt siyasətini “Suriya xalqının mənafeyi” ilə əlaqələndirməyə çalışıb və bildirib ki, İsraillə müharibə onun prioriteti deyil.
Qafqaz Times-ın məlumatına görə, Əhməd əl-Şaraa adı ilə də tanınan Culani Suriyanın rəsmi televiziyasında çıxış edərək bildirib: “Biz İsraillə müharibə əvəzinə druz şeyxləri ilə razılaşmanı üstün tutduq.”
O, “müharibədən qorxmadıqlarını” iddia etsə də, İsrail rejiminin təkrarlanan hücumlarına cavab verməməsini “Suriya xalqının məsləhəti” ilə əsaslandırmağa çalışaraq deyib: “Biz iki seçim qarşısında idik: İsraillə müharibə və ya druz liderlərinə razılaşma üçün şans vermək. Biz vətənin qorunmasını seçdik. Müharibədən qorxmuruq, lakin xalqın mənafeyini qarışıqlıqdan üstün tutduq. Bizim ən yaxşı seçimimiz milli birliyi qorumaq oldu.”
Culani İsraillə münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atdığı bir vaxtda əlavə edib: “Biz bu torpağın övladlarıyıq və İsrail rejiminin Suriyanı parçalamaq cəhdlərinə qarşı çıxmaq üçün yetərincə güclüyük. Suriya xalqı tarix boyu parçalanmaya qarşı çıxıb.”
O, çıxışının davamında ABŞ və Türkiyənin rolunu alqışlayaraq bildirib: “İsrail rejimi Süveyda bölgəsində sabitliyi bərpa etməyə yönəlmiş səyləri pozmağa çalışırdı, lakin ABŞ, bəzi ərəb ölkələri və Türkiyənin vasitəçiliyi buna mane oldu.”
Özünü Suriya prezidenti elan edən Culani çıxışının digər hissəsində bildirib: “Suriya xarici planların və yad qüvvələrin tamahkar sınaq meydanı deyil.” Halbuki son aylarda Cənub bölgəsinin böyük hissəsi onun səssizliyi fonunda sionist rejim tərəfindən işğal edilib. Buna baxmayaraq, o, “Suriyanın milli maraqları”ndan danışaraq iddia edib: “Biz Suriyanın nüfuzunu bərpa edəcəyik və milli maraqları hər şeydən üstün tutmalıyıq.”
O, druzları “milli strukturun əsas hissəsi” kimi xarakterizə edib və onlara qarşı təcavüz edənlərin mütləq cavab verəcəyini iddia edib.
Culani son aylarda dəfələrlə sələfi radikal ünsürləri – xüsusilə azlıqlara, o cümlədən ələvilərə qarşı zorakılıq və qətliam törədənləri – cəzalandıracağına söz versə də, bu cür hücumlar hələ də davam edir.
