QafqazTimes xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün (bazar ertəsi) Ankaraya səfər edən amerikalı həmkarı Entoni Blinkenlə birgə mətbuat konfransında iştirak edib.
Çavuşoğlu bu mətbuat konfransında Ankaranın Vaşinqtonla münasibətləri gücləndirməyə və problemləri effektiv şəkildə idarə etməyə çalışdığını deyərək bildirib: “ABŞ sanksiyaları ikitərəfli əlaqələri pozur və biz bu sanksiyaların ən qısa zamanda aradan qaldırılmasını gözləyirik.”
“Anadolu” xəbər agentliyinin verdiyi məlumata görə, o, Türkiyədə zəlzələdən zərər çəkənlərə kömək etdiyinə görə Amerika hökuməti və xalqına təşəkkür edərək deyib: “Biz zərər çəkmiş bölgələri ziyarət etdik və bir sıra Amerika təşkilatlarının yardımını müşahidə etdik.”
Türkiyənin xarici işlər naziri amerikalı həmkarı ilə F-16 döyüş təyyarələrinin alınması ehtimalı ilə bağlı məsləhətləşdiyini bildirərək belə deyib: “Ümid edirik ki, Amerika bu qırıcıları bizə satmağa razı olacaq və ABŞ Konqresi buna mane olmamalıdır. Türkiyənin ilkin şərtləri qəbul etməsi mümkün deyil.”
Bu xəbərə görə, Çavuşoğlu, İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmaq tələbi ilə bağlı Blinkenlə söhbətinə toxunaraq deyib: “Finlandiya və İsveçin NATO-ya daxil olmalarını başa çatdırmaq üçün imzalanmış anlaşma memorandumuna riayət etmələri zəruridir.”
Anadolu xəbər agentliyinin sözlərinə görə, o, həmçinin əlavə edib ki, bu görüşdə Türkiyə tərəfi PKK və YPG də daxil olmaqla terrorçu qruplara və kürd silahlılarına Amerikanın siyasi və hərbi dəstəyinin dayandırılmasının vacibliyini vurğulayıb.