Fransada dəhşətli cinayət hadisəsi ölkə gündəmini çalxalayıb. Belə ki, 12 yaşlı məktəbli qızın üzərində sirli rəqəmlər olan ölüsü tapılıb. Əl-ayağı, üzü lentlə bağlanmış olan uşağın meyiti çamadanda olub.
Qorxunc hadisə Parisdə baş verib.
Məlumata görə, anası yeniyetmənin dərsdən sonra evə qayıtmadığı üçün polisə müraciət edib. Polis qətllə bağlı araşdırmalara başlayıb və evin zirzəmisində qaçırılma izlərinin ortaya çıxdığını açıqlayıb. Dərhal axtarışa başlayan polis tezliklə uşağın meyitini evə yaxın ərazidə çamadanda tapıb.
Polisdən bildiriblər ki, məktəbli qızın cəsədində 1 və 0 rəqəmləri aşkar edilib. Ancaq bu rəqəmlər kəsici alətlə deyil, hansısa cihazın köməyi ilə tətbiq olunub. Səlahiyyətlilər bu rəqəmlərin nə demək olduğunu hələ bilmirlər.
Ekspertiza zamanı qızın boğularaq öldürüldüyü məlum olub.
Cinayətlə bağlı 4 nəfər saxlanılıb. Onların arasında çamadanı tapdıqdan sonra polisə müraciət edən şəxs də var.
Çamadanı daşıdığı halda görüntülənən təqribən 20 yaşlarında qadının isə axtarışları davam edir.