2023-cü ilin avqustunda Yer kürəsinin sakinləri iki dəfə Super Ay astronomik hadisəsini müşahidə edə biləcəklər.
Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, tam Ay fazası Ay perigeydə (Yerə ən yaxın məsafədə) və ona yaxın nöqtələrdə olursa, bu zaman Super Ay hadisəsi müşahidə edilir. Bu zaman Ay apogeydə (Yerdən ən uzaq məsafədə) olduğundan 14% böyük, 30%-ə yaxın parlaq görünür.
1-ci Super Ay hadisəsi avqustun 1-dən 2-nə keçən gecə müşahidə olunacaq. Ay avqustun 1-də Bakı vaxtı ilə saat 22:33-də Dolu (Tam) ay fazasında, avqustun 2-də saat 09:53-də isə perigeydə olacaq. Bu hadisələr arasındakı fərq 11 saat 20 dəqiqə təşkil edəcək. Perigeydə Aya qədər məsafə 357 309 km olacaq. Super Ay hadisəsini Azərbaycan ərazisində saat 20:19-dan başlayaraq bütün gecə ərzində müşahidə etmək olar.
2-ci Super Ay hadisəsi avqustun 30-dan 31-nə keçən gecə müşahidə olunacaq. Ay Yerə ən yaxın məsafədə – orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olacaq və avqustun 31-də saat 05:37-də Dolu (Tam) Ay fazasına keçəcək. Bu hadisələr arasındakı fərq 9 saat 45 dəqiqə olacaq. Perigeydə Aya qədər məsafə 357 181 km təşkil edəcək. Buna görə də 2023-cü il avqustun 31-də müşahidə olunan Super Ayı ilin ən böyük Super Ayı adlandırmaq olar.
Super Ay hadisəsini Azərbaycan ərazisində saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə etmək olar.
Dolu (Tam) Ay fazası bir ayda iki dəfə baş verirsə, 2-ci Dolu Ay Mavi Ay adlandırılır. Lakin bu o demək deyil ki, Mavi Ayı görəcəyik. Mavi Ay ifadəsi çox qədimdən gəlir və şərti olaraq bu ad verilib. Vulkan püskürmələri zamanı atmosferə atılan toz səbəbindən Ayı mavi rəngdə görə bilərik. Avqust ayında baş verəcək 2-ci Super Ay hadisəsi eyni bir ayda ikinci Dolu Ay fazasına təsadüf etdiyindən buna Super Mavi Ay deyilir.