Bakının Xətai rayonunda yaşayış binasının giriş blokunun önü çöküb. Hadisə Köhnə Günəşli qəsəbəsindəki S.Mehmandarov küçəsində baş verib.
Sakinlər hadisə yerində çəkdikləri görüntüləri “Qafqazinfo”ya göndəriblər. Görüntülərdə vətəndaşların xəsarət alan bir şəxsə kömək etdikləri görünür.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, çökmə qeydə alınandan sonra əraziyə tibbi yardım briqadası cəlb olunub:
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.06.2024-cü il tarixində saat 10:10-da Xətai rayonu, S.Mehmandarov küçəsi, 74, blok 8 ünvanında eyvanın çökməsi və bir nəfərin (qadın cinsli) xəsarət alması səbəbi ilə müraciət daxil olub.
Çağırış üzrə hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. 58 yaşlı şəxsə diz nahiyəsinin sıyrılmış yarası diaqnozu qoyulub. O, hospitalizasiyadan imtina edib”.