Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3016-cı məhəllədə yerləşən ikimərtəbəli ictimai iaşə obyektində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
Nazirlikdən bildirilib ki, yanğın nəticəsində obyektin ikinci mərtəbəsində yerləşən sahəsi təxminən 240 kvadratmetr olan restoranın yanar konstruksiyaları yanıb.
Qeyd edilib ki, Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının binanın birinci mərtəbəsinə və bitişik yerləşən obyektlərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində binanın ümumi sahəsi 440 kvadratmetr olan və ticarət mağazalarından ibarət birinci mərtəbəsi və bitişik obyektlər yanğından mühafizə edilib.
Yanğın zamanı birinci mərtəbədə yerləşən mağazalardakı malların yanğınsöndürən və xilasedicilər tərəfindən çıxarılaraq təhlükəsiz əraziyə daşınması təmin olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.