Bakı şəhərində keçiriləcək Formula 1 yarışları ilə əlaqədar bəzi küçələrdə hərəkət məhdudlaşdırılıb. Dünən DYPİ-dən yayılan məlumatda Azneft dairəsinin iyunun 6-da bağlanacağı bildirilsə də, artıq iki gündur ki, Azneft meydanına giriş mümkün deyil. Bu gün yeni iş həftəsi başladığından Bayıl qəsəbəsi ərazisində uzun tıxac yaranıb. Qəsəbənin bir kilometrlik Ziya Yusifzadə küçəsini bir saata keçmək mümkün deyil. Eyni zamanda ona paralel olan küçələrdə də vəziyyət ürəkaçan deyil. Düzdür Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həmin küçədə parklanmanı qadağan edib və avttomobillərin iki zolaq üzrə hərəkətini təmin edib. Amma eyni prosses 91 saylı məktəbin qarşısında baş vermir. Orada acınacaqlı vəziyyət hökm sürür. Çox təəssüf ki, Dövlət Dəniz Agentliyinin qarşısında hərəkəti tənzimləyən bir kimsə olmadığına görə vəziyyət daha da acınacaqlı olur. Belə ki, kəsişən küçələrdə sağdan gələn nəqliyyat vasitələrinə yol vermək üçün əsas küçədə hərəkət edənlər dayanmaq məcburiyyətindədir. Belə olduğu halda tıxacın uzunluğu daha da artır. Əks istiqamətə çıxan, təhlükəli manevr edən, özünü başqalarından “ağıllı” sayan sürücülərin etdiyi hərəkətlər isə mövcud vəziyyəti daha da dözülməz edir. Nəticədə həmin ərazidə xaotik bir vəziyyət hökm sürür. Çox təəssüf ki, əməkdaşlarımızın ərazidə olduğu bir saat ərzində bir nəfər də olsun yol polisi əmədaşı gözə dəyməyib.
Ümumiyyətlə belə, halların baş verməməsi üçün ərazidə mütləq nəzarət mexanizmi qurulmalıdır. Yəni bizim sürücülər o səviyyədə deyil ki, özləri öz hərəkətlərini tənzimləsinlər. Onları kimsə idarə etməlidir. Ərazidə belə nizamlayıcıolmadığına görə xaotik vəziyyət hökm sürür.
Ümid edirik ki, qarşıdakı iki həftə ərzində dövlət yol polisi, Bakı Nəqliyyat Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu məsələyə ciddi yanaşacaq. Ziya Yusifzadə kücəsində paralel olan küçələri tikinti şirkətləri qazaraq bərbad hala saldıqları üçün bütün yük həmin küçənin üzərinə düşür. Ancaq adlarınıçəkdiyim bu qurumlar arasında birgə koordinasiyalı əlaqə olsaydı, vaxtında o bərbad küçələri normallaşdırıb sürücülərin ixtiyarına verərdilər ki, bu gün bu problem yaşanmazdı.
Hərkətin təşkili ilə bağlı Badamdar qəsəbəsindən alternativ yol olduğu halda dünən nədənsə Bakı Şəhər İcra Hakimiyyəti həmin yolu bağlayaraq, sanki Bayıl qəsəbəsini mühasirəyə alıblar. Əgər Azneft meydanı ayın 6-dan bağlanacaqsa, iki gündür həmin istiqamətə maşınlar niyə buraxılmır?
Bu barədə aidiyyatı qurumların çox ciddi düşünməsi və birgə səmərəli əməkdaşlığı vacibdir. Düzdür, artıq gecdir. Bu günə qədər onlar birgə koordinasiya qurub hərəkəti normal şəkildə tənzimləməli idilər. Amma təəssüf ki, hər biri öz rahatlığını düşündü deyə narahatlıq vətəndaşın üzərində qaldı.