Hindistanın Assam əyalətində bəbir insanlara hücum edib. Nəticədə ən azı 15 nəfər yaralanıb. Bu barədə ştat polisi məlumat yayıb.
Xəsarət alanların çoxunu bəbir dişləyib və onlar xəstəxanaya yerləşdirilib. Hazırda vətəndaşların həyatı təhlükədə deyil. Lakin yaralıların Corhat Tibb Kollecinin Xəstəxanasına gətirilməsi davam edir.
Bəbir hücumunun qurbanları meşə təsərrüfatı işçiləri, uşaqlar və qadınlar olub. Onların bir çoxu xəstəxanaya Corhat şəhərinin kənarında yerləşən Tropik Meşələr İnstitutunun Tədqiqat şəhərciyindən gəlib. Çox güman ki, heyvan əraziyə yaxınlıqdakı Gibbon Vəhşi Təbiət Qoruğundan yemək axtarmaq üçün daxil olub.
Kampus sakinlərinə evlərini tərk etməmək tövsiyə olunub. Səlahiyyətlilər heyvanı tutmaq üçün şəhərcikdə tələlər qurublar.