Binəqədi sakini Şamxal Rüstəmov ona aidiyyəti olmadığı halda Dövlət Yol Polisi tərəfindən 1 400 manat məbləğində ümumilikdə 25 cərimə yazıldığını iddia edir.
Vətəndaş bildirib ki, ona aid olmayan və ümumiyyətlə, heç bir əlaqəsinin olmadığı “Çinar Trans” MMC-yə məxsus 99-JP-462 markalı nəqliyyat vasitəsinin inzibati cərimələri onun sürücülük vəsiqəsinə yazılır:
“Məsələni ilk dəfə 2022-ci ilin noyabrında elektron hökumət portalındakı şəxsi kabinetimə daxil olarkən gördüm. Bu haqda DYP-yə məktubla müraciət etdim və mənə 12.01.2023 tarixində gələn cavabda “Çinar Trans” MMC tərəfindən 99-JP-462 qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yol vərəqəsi və ya etibarnamənin DYP-yə göndərilməsi səbəbindən cərimələrin mənə gəldiyi bildirildi.
“Çinar Trans” MMC-nin əməkdaşı ilə telefonda danışığımız zamanı onlar tərəfindən DYP-yə mənimlə bağlı heç bir etibarnamə və ya yol vərəqəsinin verilmədiyi deyildi.
Üstəlik, qeyd edim ki, mənim sürücülük vəsiqəm B kateqoriyalıdır, yəni yalnız minik avtomobillərini idarə etməyə imkan verir. Amma 99-JP-462 nömrəli nəqliyyat vasitəsi avtobusdur. Yəni mən istəsəm belə, avtobus idarə edə bilmərəm. Həyatım boyu avtobus sürməmişəm, amma hazırda adımda avtobusa görə yazılmış 1 400 manatlıq 25 cərimə var”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsindən bildirilib ki, 99-JP-462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Çinar-Trans” MMC-yə məxsus olduğundan avtomobili idarə edən sürücüyə aid məlumatlar, yəni yol vərəqəsi və ya etibarnamə BDYPİ-nin Mərkəzi İnformasiya Sistemində yerləşdirilməsi üçün müəssisə tərəfindən göndərilib:
“Müəssisənin verdiyi məlumata əsasən, qeyd edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququ 06.11.2022-ci il tarixdən 03.04.2023-cü il tarixədək müraciət edən şəxsin adına verilib. Bu səbəbdən də tərtib edilən elektron qərarlar vətəndaşın sürücülük vəsiqəsinə yönləndirilib. Cərimələrin digər şəxsə yönləndirilməsi üçün aidiyyəti üzrə “Çinar-Trans” MMC-yə müraciət etməyini tövsiyə edirik”.
Məsələ ilə bağlı şirkətin direktoru bildirib ki, məsələ texniki xəta səbəbindən baş verib və gün ərzində vətəndaşa yazılmış yanlış cərimələr ödəniləcək.
Qeyd edək ki, sözügedən MMC Bakıda bir sıra marşrut xətləri üzrə fəaliyyət göstərən şirkətdir.