Vətəndaşlara satılan internetin qiyməti bahalaşdı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib.
“Bakı Telefon Rabitəsi” MMC ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis Alidə Mustafayeva deyib ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq 4 mbit/saniyə və 10 mbit/s tarifləri ləğv edilərək abunəçilərin daha sürətli internetə keçidi təmin edilib.
Alidə Mustafayeva bildirib ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 manat olub. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 manat təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 manat olub.
Abunəçilərə əvvəlcədən xəbərdarlıq edilmədən internetin qiymətinin artırılması məsələsində gəldikdə isə, qurum rəsmisi qeyd edib ki,”Bakı Telefon Rabitəsi” MMC tariflərdə edilən bu dəyişikliklə bağlı bir ay əvvəldən qurumun internet saytında, sosial şəbəkə hesablarında bu barədə məlumatlar paylaşılıb.