Masallıda ambulansın qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisindəki dairəvi yolayrıcında rayonda fəaliyyət göstərən tibb müəssisələrindən birinə məxsus, S.Əhmədovun idarə etdiyi “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobili ilə İ.Nurəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil toqquşub.
“Mercedes-Benz” markalı avtomobildə xəstə kimi aparılan F.Qurbanova xəstəxanada dünyasını dəyişib, sürücü və iki sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.