Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib.
Görüş zamanı Prezident İlham Əliyev bəzi dairələrin və media nümayəndələrinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək məqsədilə şayiələrə və yalan məlumatlara əsaslandığını bildirib və bunların tamamilə əsassız, cəfəng iddialar olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə bağlı Azərbaycan mövqeyini ifadə edən ilk ölkələrdən biri olub, rəsmi şəkildə bu gərginliyi qınayıb və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı başsağlığı verib.
Prezident İlham Əliyev həmçinin İranla İsrail arasındakı bu gərginliyin bəzi qüvvələr tərəfindən Azərbaycan-İran münasibətlərini pozmaq üçün istifadə olunmağa çalışıldığını, lakin Azərbaycanın mövqeyinin qəti və prinsipial olduğunu diqqətə çatdırıb.
Səfir Müctəba Dəmirçilu isə öz növbəsində bildirib ki, İran rəhbərliyi Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət yetirir və Azərbaycan dövlətinin İranla İsrail arasındakı qarşıdurmada sərgilədiyi prinsipial və qəti mövqeyi İranda yüksək qiymətləndirilib. O, bu mövqeyə görə minnətdarlığını ifadə edərək əlavə edib ki, İran tam əmindir: Azərbaycan ərazisindən heç vaxt İrana qarşı istifadə olunmayacaq və Azərbaycan dövləti buna heç zaman imkan verməyəcək.


