Avqustun sonunda yoxa çıxan yaşlı turistlər vaxtında ehtiyat tədbiri gördükləri üçün xilas olublar. Hadisə Rusiyada baş verib. 70 və 72 yaşlarında olan səyahətçilər günlər sonra Ust-Kamçatka bölgəsində taqətsiz vəziyyətdə tapılıblar.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Xidmətindən xəbər verilib.
Bildirilir ki, turistlər avqustun 4-də Ust-Kamçatka vilayətinin Klyuçi kəndindən yola düşüblər. Onların marşrutu “Podkova” dayanacağından, Boqdanoviç buzlağından, Bezimyannı aşırımından, Tolbaçik aşırımından, Tolud aşırımından keçməli və “Kleşnya” dayanacağında bitməli idi.
Xoşbəxtlikdən onlar marşrutu Fövqəladə Hallar Nazirliyində qeydiyyatdan keçiriblər. Avqustun sonunda onlarla rabitə itib. Bundan sonra qurum axtarış-xilasetmə əməliyyatına başlayır.
“Marşrutlarını qeydiyyatdan keçirdikləri üçün turistlərə afərin. Fövqəladə Hallar Nazirliyi insanların harada olduğunu biləndə bu, axtarışları xeyli asanlaşdırır. Səyahətçilər təyin olunmuş vaxtda geri əılaqə saxlamadıqda, qohumların zənglərini və ya hüquq-mühafizə orqanlarının siqnalını gözləmədən xilasedicilər dərhal bütün gücləri ilə, mümkün resurslardan istifadə etməklə itkin düşənlərin axtarışına başlayırlar”, – deyə Kamçatkanın fövqəladə hallar naziri Sergey Lebedyev bildirib.
Turistlərin axtarışı üçün ümumilikdə 400 kvadrat kilometrdən çox əraziyə baxış keçirilib. Əməliyyat zamanı dronlardan da istifadə edilib.
Nəhayət, günlər sonra onları xilasedicilər helikopterdən görüblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.