QafqazTimes xəbər verir ki, Türkiyənin müdafiə naziri Halusi Akar bazar günü Parisdə PKK tərəfdarlarının nümayişləri və iğtişaşlarına reaksiya olaraq bildirib ki, Parisin yetişdirdiyi gürzə indi onu sancmaqdadır.
O, çıxışına davam edərək deyib: “İndi hər kəsin terror təşkilatlarının əsl üzünü görmə vaxtıdır.”
Türkiyənin müdafiə naziri həmçinin vurğulayıb: “Heç kim bizdən cənub sərhədlərimizdə terror təşkilatlarına qarşı təmkinli davranmağı gözləməməlidir.”
Qeyd edək ki, Kürdüstan Fəhlə Partiyası (PKK) Türkiyə və onun Qərb müttəfiqləri tərəfindən terrorçu təşkilatlar siyahısına salınıb. Ankara PKK-nın Suriya qolu kimi qələmə verdiyi Xalq Müdafiə Birliklərinə (YPG) dəstək verdikləri üçün ABŞ və Avropa gücləri ilə fikir ayrılığı yaşayır.
Cümə günü Parisdə 69 yaşlı fransızın kürd mədəniyyət mərkəzində 3 nəfəri güllələyərək öldürməsindən sonra Parisdə küçə iğtişaşları başlayıb. Bir etibarlı mənbə bildirib ki, hücum edən şəxs dindirmələr zamanı irqçi olduğunu etiraf edib.
AFP-nin məlumatına görə, Parisdə daha sonra keçirilən etiraz aksiyalarına qoşulan bəzi şəxslər PKK-dan bəhs edən şüarlar səsləndiriblər.