Məscidül-Həramın xətibi 10 il müddətinə azadlıqdan məhrum edilib

QafqazTimes xəbər verir ki, KİV-ləri Səudiyyə Ərəbistanının Apellyasiya Məhkəməsinin Məscidül-həramın imamı və xətibi Şeyx Saleh Ali Talibi 10 il həbs cəzasına məhkum etdiyini bildiriblər.

“Əl-Xəlic Əl-Cədid” xəbər saytı Apellyasiya Məhkəməsinin qərarının Səudiyyə Cinayət Məhkəməsinin qərarını pozduğunu bildirib. Bu məhkəmə Ali-Talibin bütün ittihamlardan bəraət aldığını elan etmişdi.

Bu hökm Səudiyyə ictimai rəyi arasında geniş mübahisələrə səbəb oldu. Çünki Ali Talib üç il Ər-Riyad Ali Məhkəməsinin hakimi vəzifəsində çalışmışdı. O, Səudiyyənin digər əyalətlərinin məhkəmələrində də çalışıb.

O, həmçinin həbs olunmazdan dörd il əvvəl Məkkə Ali Məhkəməsində işləyib. Səudiyyə rəsmiləri Ali Talibi 2018-ci ilin avqustunda həbs etmişlər və onun niyə həbs edildiyi ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Həbs olunmazdan əvvəl Məscidül-Həramın bu keçmiş xətibi “pis işləri rədd etmək” zərurəti haqqında xütbə oxumuşdu. İnsan haqları mənbələri onun həbsinə səbəbin məhz bu moizə olduğunu bildirirlər.

Bəzi sosial şəbəkələrdə Ali Talibin Səudiyyə Əyləncə Təşkilatının təşkil etdiyi şənliklərə hücum etdiyi audio faylını da yayımlamışlar. Onun etirazına səbəb bu şənlik mərasimlərində qadın-kişilərin qarışıq şəkildə iştirakı olub .

O, bu faylda deyib: “Ey müsəlmanlar, sizi nə dəyişdi ki, “ləhv və ləib” (günah) məclislərində izdihamın şahidi oluruq? Nə baş verdi ki, qadınların və qızların kişilərlə rəqs etdiyini müşahidə edirik? Nə oldu ki, ürəyiniz daşlaşıb, hissləriniz dəyişib və dininizi, müqəddəslərinizi, vətəninizi müdafiə edən şəhidlərin cəsədləri üzərində rəqs edirsiniz?”

Ekspertlər belə tədbirlərin keçirilməsini Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın planı kimi qiymətləndirirlər ki, bu da Səudiyyə Ərəbistanının ənənəvi cəmiyyətini dünyəviləşdirməyə və ölkənin kimliyini tədricən dəyişməyə yönəlib.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!