Almaniyada Nürnberq şəhərinin mərkəzində kütləvi məzarlıq tapılıb.
Arxeoloqların fikrincə, Almaniyanın cənubunda ortaya çıxan bu tapıntı ola bilsin ki, Avropada indiyə qədər qazılmış ən böyük kütləvi məzarlıqdır.
Bununla bağlı yayılan press-relizdə bildirilib ki, indiyədək Nürnberq şəhərinin mərkəzindəki kütləvi məzarlıqlarda taun qurbanlarının təxminən 1000 skeleti aşkarlanıb. Ekspertlər hesab edirlər ki, məzarda ümumilikdə 1500-dən çox insanın qalıqları ola bilər.
Nürnberq mədəni irsin qorunması departamentindən Melani Lanqbaynın sözlərinə görə, səkkiz “taun çuxuru” aşkarlanıb ki, onların da hər birində yüzdən çox cəsəd olub.
“Biz Nürnberqdə taun qəbiristanlıqlarını təyin etməyimizə baxmayaraq, bu insanlar adi qəbiristanlıqda dəfn edilməyiblər. Bu o deməkdir ki, ölən çox sayda insanı xristianların dəfn mərasimləri olmadan qısa müddətdə dəfn etmək lazım olub”, – deyə Lanqbayn bildirib.
Onun sözlərinə görə, 14-cü əsrdən bəri Nürnberqdə təxminən hər 10 ildən bir taun epidemiyası baş verib və bu da qalıqların tarixinin müəyyənləşdirilməsində çətinliklər yaradır.