QafqazTimes xəbər verir ki, Türkiyənin cənubunda baş verən son zəlzələ ölkənin iqtisadi problemlərini daha da ağırlaşdırdı. Bu isə seçkilər ərəfəsində Türkiyə prezidentinin narahatlığını daha da artırdı.
Agence France-Presse bazar günü “Zəlzələnin Türkiyənin qeyri stabil iqtisadiyyatına təsiri” adlı hesabatında yazıb: “Türkiyə onsuz da sürətlə artan inflyasiya ilə mübarizə aparırdı və iqtisadiyyatını ayaqda saxlamaq üçün varlı müttəfiqlərinə güvənirdi, lakin indi böyük bir zəlzələ on minlərlə insanın həyatına son qoyub, şəhərləri viran edib və milyonlarla insan təcili yardıma ehtiyac duyur.”
Bu hesabata görə, Türkiyə son zəlzələ nəticəsində dağılmış 11 cənub-şərq vilayətini bərpa etmək üçün milyardlarla dollar sərmayə qoymalıdır.
Tanınmış biznes qrupunun hesablamalarına görə, Ərdoğan zəlzələdən zərərçəkmişlərə təxminən 84,1 milyard dollar təzminat ödəməlidir. Digər ekspertlərin hesablamalarına görə isə bu rəqəm 10 milyard dollara yaxındır. Bundan əlavə Ərdoğan bir il ərzində zərər çəkmiş milyonlarla insanı yeni evlərlə təmin edəcəyinə söz verib.
İqtisadi məsələlər üzrə analitiklərdən biri olan Volfqanq Pikkoli hesab edir ki, son zəlzələ xarici turistlərin bəyəndiyi, türk valyutasının ən mühüm mənbələrindən birinə çevrilmiş uzaq qərb bölgələrinə təsir etməyib.
Türk iqtisadçılarından Murat Kubilai isə bildirib: “Qeyri-müəyyənlik və qlobal iqtisadi şərait və daxili siyasi gözləntilər kimi müxtəlif amilləri nəzərə alsaq, Türkiyə iqtisadiyyatının durğunluq və ya normal tempindən daha az inkişaf etməsi ehtimalı vardır.”
Qeyd edək ki, Türkiyənin Fövqəladə Hallar Təşkilatı ölkədə zəlzələ qurbanlarının sayı ilə bağlı yaydığı son hesabatda Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayının 40 min 689 nəfərə yüksəldiyini açıqlayıb.