QafqazTimes xəbər verir ki, Fələstinli Əsirlərin İşləri Üzrə Komitə İsrail əsgərlərinin bir fələstinlini həbs edərkən polis itini onun üzərinə saldırdıqlarını əks etdirən video yayımlayıb.
Yayılan videoda görsənir ki, 19 yaşlı bu fələstinli saxlanılarkən heç bir müqavimət göstərməməsinə baxmayaraq, sionist hərbçilər polis itini onun üzərinə saldırırlar.
Əl-Cəzirə telekanalının məlumatına görə, Fələstinli Əsirlərin İşləri Üzrə Komitə bildirib ki, İsrail ordusu bunu qəsdən, fələstinli gənc Malik əl-Məlanı qorxutmaq üçün edib. Məla İordan çayının qərb sahilinin mərkəzindəki Əl-Bireh şəhərindəki Umm əl-Şəriat bölgəsindəndir və bu həbs onun işlədiyi sənaye mərkəzində baş verib.
Hərbi Əsirlər Komitəsi əlavə edib ki, sionist hərbçilər sənaye mərkəzini mühasirəyə alıb, sonra ona hücum ediblər.
Bununla əlaqədar olaraq, Fələstinli Əsirlərin İşləri Üzrə Komitənin rəhbəri Qədri Əbu Bəkr bildirib ki, saxlanılan fələstinlilərin 99 faizi hər hansı işgəncə və ya pis rəftarı təcrübə edib.
İsrail həbsxanalarındakı fələstinli əsirlərin sayı 34-ü qadın, 180-ı yeniyetmə və 500 nəfəri isə inzibati məhbus olmaqla 4500 nəfərdən ibarətdir.