İsrail bu əsassız iddiadan istifadə edərək yardımlara nəzarəti ələ alıb və onların Qəzzəyə girişini məhdudlaşdıraraq kəskin aclıq və qıtlıq yaradıb.
25 iyul tarixində Reutersin yaydığı məlumata görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Humanitar Yardım Bürosu (BHA) tərəfindən aparılan daxili hökumət təhlili göstərib ki, HƏMAS-ın ABŞ tərəfindən maliyyələşdirilən humanitar yardımı sistematik şəkildə yönləndirdiyinə dair heç bir sübut yoxdur.
Bu nəticə, həm İsrail, həm də Vaşinqtonun dəstəklədiyi və çoxsaylı mülki ölümlərlə nəticələnən “Qəzza Humanitar Fondu” (GHF) planına əsas bəraətlərdən birini alt-üst edir.
Təhlil, oktyabr 2023 – may 2024 tarixləri arasında USAID tərəfdaşları tərəfindən bildirən 156 yardım oğurluğu və ya itki hadisəsini əhatə edib. Reutersin əldə etdiyi təqdimat slaydlarına əsasən, hesabatda “HƏMAS-ın itən təchizatdan faydalandığını iddia edən heç bir məlumat” qeydə alınmayıb.
Nəticələr iyunun sonunda tamamlanıb və USAID-in baş inspektoru ilə ABŞ Dövlət Departamentinə təqdim olunub. Lakin Dövlət Departamentinin sözçüsü bu nəticələri açıq şəkildə rədd edib, HƏMAS-ı yardımı talan etməkdə ittiham edib və ənənəvi humanitar qurumları korrupsiyanı ört-basdır etməkdə günahlandırıb. Ancaq bu iddiaları dəstəkləyən heç bir sübut təqdim edilməyib.
Bu ifşalar, Qəzzədə təxminən 2,1 milyon sakinin dörddə birinin aclıq şəraitində yaşadığı və humanitar vəziyyətin sürətlə pisləşdiyi bir vaxtda üzə çıxıb. BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) bölgədə kəskin qidalanma çatışmazlığı və aclıqla bağlı ölüm hallarının artdığını bildirir.
Eyni zamanda, İsrail qüvvələri 1000-dən çox yardım axtaran fələstinlini öldürüb. Əksəriyyət Qəzzədə ABŞ-ın keçmiş MKİ zabitləri və silahlı veteranları ilə əlaqəli logistik şirkətin nəzarətində olan GHF yardım paylama məntəqələrinin yaxınlığında öldürülüb.
İsrailin HƏMAS-ın yardımı mənimsəyərək əhalini nəzarətdə saxladığı və satmaqla qazanc əldə etdiyi iddialarına baxmayaraq, USAID-in araşdırması fərqli mənzərə təqdim edir. 156 sənədləşdirilmiş hadisədən 63-nün günahkarı naməlum olub, 35 hadisə silahlı şəxslər, 25-i silahsız şəxslər tərəfindən törədilib, 11 hadisə isə birbaşa İsrail ordusunun hərbi əməliyyatları ilə bağlı olub.
Daha 33 hal korrupsiyaya bulaşmış subpodratçılar, yardım təşkilatlarının işçiləri və ya qeyri-müəyyən səbəblərlə əlaqələndirilib. Ən əhəmiyyətlisi, heç bir hadisədə ABŞ tərəfindən terror təşkilatı kimi tanınan heç bir qrup, o cümlədən HƏMAS məsul tutulmayıb.
Əksinə, araşdırma göstərir ki, İsrail hərbi əməliyyatları 44 hadisənin “birbaşa və ya dolayı” səbəbidir. Bu hallar arasında hava hücumları, məcburi təxliyə əmrələri və QHT-lərin xəbərdarlıqlarına baxmayaraq təhlükəli marşrutlarla yardımların çatdırılması da var.
HƏMAS rəsmisi bildirib ki, yardım karvanlarını qoruyarkən BMT ilə koordinasiyada fəaliyyət göstərən 800-dən çox polis əməkdaşı öldürülüb.
Analitiklər xəbərdarlıq edirlər ki, sənədləşdirilmiş məlumatların olmaması yardımın heç vaxt mənimsənilmədiyini sübut etmir. Amma Reutersə danışan ABŞ kəşfiyyatına yaxın mənbə bildirib ki, HƏMAS-ın yardımı mənimsəməsinə dair ABŞ kəşfiyyatında heç bir qiymətləndirmə yoxdur. Vaşinqtonun narahatlıqları əsasən İsrailin iddialarına əsaslanır.
22 iyun tarixində Reuters məlumat yayıb ki, Qəzzədə cəmi 24 saat ərzində 15 fələstinli aclıqdan ölüb. Onlardan biri altı həftəlik körpə Yusif olub. Körpənin ailəsi ona yemək üçün süd qarışığı tapa bilməyib.
“Harada süd tapmaq olar? Tapan olsa belə, bir banka 100 dollara başa gəlir,” — deyə Yusifin əmisi Ədham əl-Səfadi bildirib.
Aclıqdan ölən 15 nəfər arasında daha üç uşaq da olub. Onlardan biri, 13 yaşlı Əbdülhəmid əl-Qalban, Qəzzənin cənubundakı Xan Yunis şəhərində xəstəxanada vəfat edib.
Qəzzədəki səhiyyə rəsmilərinin bildirdiyinə görə, 2023-cü ildən bəri İsrailin başladığı müharibədə təxminən 60,000 fələstinli öldürülüb.
Müstəqil qiymətləndirmələr isə bu sayın 100,000-i keçdiyini və minlərlə insanın hələ də İsrailin bombaladığı evlərin, binaların altında itib-batdığını göstərir.
