Çərşənbə günü (16 iyul) İranın ali rəhbəri Ayətullah Əli Xamenei bildirib ki, ötən ay İsrail tərəfindən İrana qarşı həyata keçirilən hücumların məqsədi İran İslam Respublikasının sistemini zəiflətmək və rejimi devirmək üçün daxili qarışıqlıqlar yaratmaq olub.
Ayətullah Xamenei bu fikirləri məhkəmə orqanlarının yüksək vəzifəli rəsmiləri ilə keçirdiyi görüş zamanı səsləndirib. O qeyd edib ki, “təcavüzkarların hesablamaları və planı, konkret şəxsləri və İranda həssas mərkəzləri hədəfə alaraq sistemi zəiflətmək üzərində qurulmuşdu”.
O əlavə edib ki, bu addımların məqsədi “iğtişaşlar törətmək və xalqı küçələrə çıxmağa sövq edərək rejimin devrilməsinə zəmin yaratmaq” olub.
Ali rəhbər bəyan edib ki, İran diplomatları və hərbi qüvvələri qarşıdakı mərhələyə “dəqiqlik və diqqətlə” yanaşmalıdır – lakin əlavə təfərrüat təqdim etməyib.
Ayətullah Xamenei bildirib: “İstər diplomatiya, istərsə də hərbi sahəyə daxil olsaq, biz bu addımı güc mövqeyindən atacağıq”.
Ali rəhbər həmçinin İranın məhkəmə orqanlarını İsrailin son cinayətlərini istər yerli, istərsə də beynəlxalq hüquq məhkəmələrində təqib etməyə çağırıb.
O deyib: “Bu məsələni biz əvvəllər bir çox hallarda həyata keçirməli idik, lakin ötən illərdə səhlənkarlıq etdik”. Xamenei vurğulayıb: “Bu dəfə səhlənkarlığa yol vermək olmaz. Hətta bu məsələni izləmək iyirmi il vaxt aparsa belə, cinayətkarın yaxasından tutmalıyıq”.
O, iştirak edənlərə müraciət edərək bildirib ki, bu məsələyə “ciddi yanaşılmalı, tam ayıq və güclü şəkildə, bütün tərəflər nəzərə alınaraq” baxılmalıdır. Ali rəhbər qeyd edib: “Bizim əlimizdə lazım olan bütün alətlər var – bizdə məntiq də var, güc də var. İstər diplomatiya meydanında, istərsə də hərbi sahədə – biz güclüyük və tam hazırıq”.
Ayətullah Xamenei İran xalqının iradə və gücünü tərifləyərək əlavə edib ki, “düşmənin hücumları bir daha göstərdi ki, bəzi şəxslərin siyasi və digər sahələrdə apardığı hesablamalar səhv idi”.
