Səudiyyə Ərəbistanı, ABŞ və BƏƏ-nin dəstəyi ilə aparılan Suriya–İsrail danışıqlarını yaxından izləyir və bu prosesi Təl-Əvivlə öz münasibətlərini normallaşdırmazdan əvvəl mümkün güzəştləri qiymətləndirmək üçün “test mərhələsi” kimi dəyərləndirir. Bu barədə 9 iyulda İsrailin KAN telekanalı məlumat yayıb.
Yüksək rütbəli bir səudiyyəli kral ailəsi üzvü bildirib ki, Ər-Riyad İsrail baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfərini və Suriya ilə Təl-Əviv arasında baş verən son yaxınlaşmanı diqqətlə izləyir. Krallıq bu gedişatı ABŞ və Fələstin Muxtariyyəti ilə birlikdə (HƏMAS-sız) mümkün üçtərəfli razılaşma üçün baza kimi görür.
Eyni zamanda mənbə qeyd edib ki, Səudiyyə Ərəbistanı İsrailin Suriyaya davam edən hava hücumlarından narazıdır, çünki bu zərbələr “Dəməşqdə idarəetməni zəiflədib.”
8 dekabr 2024-cü ildə keçmiş Əl-Qaidə bağlısı Heyət Təhrir əl-Şam (HTŞ) Suriyada gözlənilməz hücumla Dəməşqi nəzarətə götürərək prezident Bəşər Əsədin hökumətini çökdürmüş və onun ölkədən qaçmasına səbəb olmuşdu.
Əsədin devrilməsindən sonra İsrail Suriyada yüzlərlə hava zərbəsi endirib və Golan yüksəkliklərindən kənarda da işğalını genişləndirib.
Yeni suriyalı rəhbərlik İsraillə rəsmi münasibətlər qurmağa açıq olduqlarını bildiriblər. Hazırda davam edən danışıqlar 2026-cı ilə qədər normallaşma sazişinin imzalanmasını hədəfləyir.
Bu dialoqun davamında ABŞ hökuməti HTŞ-nin “xarici terrorçu təşkilat” (FTO) statusunu ləğv edib və Prezident Donald Tramp Suriyaya qarşı 1979-cu ildən tətbiq edilən birtərəfli sanksiyaların yumşaldılmasına dair fərman imzalayıb. Bu sanksiyalar əvvəllər Dəməşqin İsrailə qarşı mövqeyi səbəbilə tətbiq olunmuşdu.
7 iyulda, Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəraa və İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Hanegbi BƏƏ-nin Əbu-Dabi şəhərində görüşüblər. Görüşü təsdiqləyən suriyalı rəsmi və regional diplomat bunu danışıqlarda “əlamətdar inkişaf” kimi xarakterizə edib.
Bu görüşdə əsas müzakirə mövzusu təhlükəsizlik razılaşması olub – düşmənçiliyə son qoyulması və İsrail qoşunlarının geri çəkilməsi qarşılığında razılıq. Golan yüksəkliklərinin statusu isə hələlik danışıqlardan kənarda saxlanılır.
İsrail mediası əlavə olaraq İran və Hizbullaha qarşı kəşfiyyat əməkdaşlığının da gündəmdə olduğunu bildirib. Hanegbi danışıqlara şəxsən rəhbərlik etdiyini deyib və əvvəlki görüşlərin də BƏƏ-də baş tutduğunu təsdiqləyib.
Şəraa və Netanyahu sentyabr ayında Ağ Evdə görüşməyə və ABŞ vasitəçiliyi ilə təhlükəsizlik sazişi imzalamağa hazırlaşırlar.
Bu görüş Trampın təşəbbüsü və BƏƏ ilə Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə həyata keçiriləcək və tam normallaşma prosesinə doğru ilk addım sayılır.
Danışıqlar həm də ABŞ-ın Netanyahuya Qəzzə ilə bağlı razılaşmanı qəbul etdirmək səyləri ilə paralel aparılır. Bu çərçivədə ABŞ HTŞ-yə qarşı tətbiq etdiyi terrorçu statusunu ləğv edib və Suriya sanksiyalarını yumşaltmaq istiqamətində addımlar atır.
