Həmas bəyanat yayaraq ABŞ Maliyyə Nazirliyinin 6 rəhbər üzvünə dair sanksiya qərarına reaksiya verib.
İRNA-nın məlumatına əsasən, Həmas hərəkatının bu gün (20 noyabr) yayımladığı bəyanatda deyilir: Amerika Maliyyə Nazirliyinin bu qərarının sionist rejimə hərtərəfli dəstək proqramının davam olması göz qarşısındadır. ABŞ-ın bu mövqeyi sionist rejimin işğalçı siyasətlərinə yardım, məzlum Fələstin xalqına qarşı cinayətlərin artmasına xidmət edir.
Qeyd edək ki, dünən (19 noyabr) ABŞ Maliyyə Nazirliyi bəyanat yayaraq Həmasın altı rəhbər üzvünə qarşı sanksiyalar tətbiq etdiyini elan edib.
Sənədə əsasən, bunların arasında hərəkatın xaricdəki nümayəndələri və “İzzəddin əl-Qəssam Briqadaları”nın üzvü var. Bundan əlavə, sanksiya siyahısına Həmasın maraqları üçün vəsait toplayan və “Qəzzaya silah qaçaqmalçılığı” ilə əlaqəli şəxslər də daxil edilib.
Bildirilir ki, göstərilən şəxslər terror fəaliyyətinə dəstək verir və Qəzza sektoruna maddi vəsaitin göndərilməsini əlaqələndirirlər.