Britaniya kralı III Çarlzın tacqoyma mərasiminin canlı yayımında arxa fonda görünən, əlindəki dəyənək və qara plaşla “ölüm mələyi”nə bənzəyən müəmmalı fiqurun kimliyi məlum olub.
Bu barədə “New York Post” nəşri məlumat verib.
Mərasimdən sonra “Twitter”də qara plaşlı və kapüşonlu, əlində dəyənək olan birinin Vestminster Abbatlığının dəhlizində görüntüsünü əks etdirən video yayılıb. Fiqur istifadəçilərə “ölüm mələyi”ni xatırladıb.
“Vestminster Abbatlığında Əzrayılı görən başqa kimsə oldumu?”, – deyə istifadəçilərdən biri sual verib.
Lakin sözügedən fiqurun kilsə qulluqçusu olduğu, ibadətlərin aparılmasına kömək etdiyi və bəzən yepiskop və ya keşişin qarşısında dəyənək daşıdığı üzə çıxıb.