Türkiyənin Antalya şəhərinin Alanya rayonunda “Kentsel dönüşüm” layihəsi çərçivəsində görülən işlər zamanı sökülən binada çökmə baş verib.
Bina gözlənilmədən çöküb, ön divarı isə qaldırıcı kranı daşıyan yük maşınının üzərinə aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin yük maşınına ziyan dəyib. Ətrafdakı binalarda yerləşən iş yerləri toz içində qalıb.
Hadisə yerinə yanğınsöndürənlər və polis qrupları cəlb ediliblər. Yanğınsöndürənlər tərəfindən toz basmış küçələr su ilə yuyulub.
Yük maşınının operatoru olan Ömər Kaya binanın tikinti materiallarının çürüdüyünü və hadisənin də bu səbəbdən baş verdiyini deyib.
“Biz Ankaradan binaların sökülməsi işləri üçün gəlmişik. Mövcud binanı sökdüyümüz zaman dördüncü sütununu təzəcə qoparmışdıq ki, bina qəflətən çökdü. Əslində belə binalar 7-8-ci sütunun qoparılması zamanı dağılır. Deməli, binanın materialları çox çürüyübmüş.
Əgər bu binada yenidənqurma işləri aparılmasaydı, 2 il ərzində öz-özünə dağılacaqdı. İçində insan yaşayışı olduğu zaman çökəcəkdi. Bu hadisədən də bir daha aydın olur ki, köhnə tikililərdə mütləq yenidənqurma işləri aparılmalıdır”, – deyə o qeyd edib.