Episentri Kahramanmaraş olan zəlzələlər Malatyanın Doğanşehir rayonunun Kurucaova kəndindəki Kızılzarf dağında böyük çatların yaranmasına səbəb olub.
Zəlzələ zamanı kəndin 42 sakini həyatını itirib. Kurucaova ilə üzbəüz olan dağdakı çatlarla bağlı kənd sakinləri bildiriblər ki, heç vaxt belə bir fəlakət görməyiblər.
Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə olan Kurucaova ilə üzbəüz dağda böyük çatlar əmələ gəlib.
Həmin gün baş verən 7,6 bal gücündə ikinci zəlzələdə isə çatlar daha da genişlənib.
“Canımızı çətinliklə qurtardıq. Evdən çıxanda kəndin qarşısındakı dağda böyük bir çat əmələ gəldiyini gördük. Dağın ikiyə bölündüyünü görənlər içindən alov topunun çıxdığını dedilər. Çox çətin vəziyyətdəyik. Ümid edirik ki, bu günlər də geridə qalar”, – deyə zəlzələ qurbanı olan sakinlərdən biri qeyd edib.
Yerli əhalinin “Ulubaba” dediyi Kızılzarf dağının evlərindən göründüyünü bildirən sakin deyib ki, belə bir fəlakəti yaşlı nəsil belə xatırlamır.
“Hər gün dağın ikiyə bölündüyünü görmək bizə zəlzələnin nə qədər güclü olduğunu göstərir. Quru yollarını, düzənliyi iki yerə ayıran zəlzələ dağı da iki yerə bölüb. Çox böyük bir fəlakət yaşadıq. Belə bir fəlakəti hətta yaşlı nəsil belə xatırlamır. Allah təkrarını yaşatmasın”, – deyə əlavə edib.