QafqazTimes xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şənbə günü deyib ki, Ukraynaya silah göndərilməsi Qərbə kömək etməyəcək.
O, bu sözləri Polşa prezidenti Anjey Dudanın “Qərb dərhal Ukraynaya silah göndərməsə, Rusiya qalib gələcək” ifadələrinə reaksiya olaraq deyib.
Zaxarova bildirib: “Bu, sizə kömək etməyəcək və vəziyyəti daha da pisləşdirəcək. Baş verənlərə görə təəssüf hissini ifadə etmək qərblilər üçün yeganə çıxış yoludur.”
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Zijarto bildirmişdir ki, Rusiyaya qarşı sanksiyalar Ukraynada sülhə gətirib çıxarmayacaq və yalnız Avropa iqtisadiyyatının məhvinə səbəb olacaqdır.
O, bir radio kanalına müsahibə verərkən əlavə edib: “(Rusiyaya qarşı) sanksiyalar tamamilə iflasa uğrayıb.”
Zijarto əlavə edib: “Brüsseldə müzakirə edilən 10-cu sanksiyalar paketi, 9-cu paket kimi, Avropa iqtisadiyyatında daha çox dağıntıya səbəb olacaq.”
Macarıstanın xarici işlər naziri həmçinin vurğulayıb: “Bu sanksiyalar Rusiyanın mövqeyini dəyişməyəcək və Ukraynada sülhə gətirib çıxarmayacaq və yalnız Avropada ağlasığmaz problemlərə, o cümlədən qaçqın axınına və inflyasiyanın artmasına səbəb olacaq.”
Qeyd edək ki, Fevral ayında Ukraynada müharibə başlayandan bəri Vaşinqton və Qərb Kiyevə milyonlarla dollar hərbi və maliyyə yardımı edib. Bundan əlavə Vaşinqton Ukrayna qüvvələrinə kəşfiyyat yardımları da edib.
