Sumqayıt şəhər 32 saylı tam orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.
Adıçəkilən məktəbin direktoru Esmira İbrahimova hadisədən məlumatlı olduğunu, belə bir səs yazısı olmadığını, deyilənlərin isə şər-böhtan olduğunu bildirib:
“Məktəbdə 1 qəpik də olsun pul yığılmayıb. Qrupda o barədə heç bir söhbət olmayıb. Yalan məlumatdır”.
Direktor əlavə edib ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən onunla əlaqə saxlanılıb:
“Onlara da bildirdim ki, belə bir söhbət yoxdur. Bu, yalandır”, – deyə E.İbrahimova vurğulayıb.
İbrahimova Esmira Famil qızının müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı “WhatsApp” qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib.
Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib. Direktor səs yazısında həmçinin müəllimləri maaşlarından da pul tutulacağı ilə hədələyib.
Səs yazısında bildirilir ki, guya müəllimlərin hər birindən tələb olunan 50 manat məktəbin təmirinə xərclənəcək.
“Hörmətli müəllimlər, sabah hamı bir nəfər kimi işdə olur və təcili məktəbin uçuq-sökük yerlərini 4-5 gün ərzində təmir etməliyik. Ona görə sabah hamı bir nəfər kimi 50 manat gətirir. Şüşələr sınıqdır, salınacaq, dəhlizlərə bu 4 gündə bir az əl gəzdiriləcək. Usta haqqı ilə birlikdə ancaq çatdıracağıq. Artıq pul qalsa, bir balaca da mərkəzi yerlərdə jalüzlərin təmirinə diqqət yetiriləcək. Əgər çatsa. Ona görə hamı bir nəfər kimi sabah 50 manat pul gətirir.
15 gündə kim hansı gün məktəbə gəlməyibsə, həmin günü yazılmayacaq, o da başqa cür hesablanacaq. 3 gün işə gəlmədiniz, hamının gününü yazdıq, pulu aldınız, xərclədiniz, halal olsun. İndi də məktəbi düzəltməliyik. Yəni o gəlmədiyiniz günlərə görə də maaşınızdan əlavə məbləğ çıxılacaq”, – səs yazısında bildirilir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.