QafqazTimes xəbər verir ki, ibrani mediasında tam adı açıqlanmayan və yalnız “D” hərfi ilə xatırlanan sionist ordusundakı İran bölməsinin başçısı verdiyi açıqlamada İranın hərbi gücü ilə bağlı xəbərdarlıq edib.
Çərşənbə axşamı “Rəy Əl-Youm”-un “İsrael Hayom” qəzetinə istinadən verdiyi xəbərə görə, İran bölməsinin rəhbəri deyib: “İran bizim ətrafımızda böyümüş regional gücdür və İsrailə qarşı əsas təhlükə hesab olunur. Bu ölkə uzun illərdir ki, İsrailin təhlükəsizlik konsepsiyasına meydan oxuyur.”
O, belə davam edib: “Bu məsələ bizim düzgün hazırlığımızı, resurslardan istifadə etməyimizi və bu riskə diqqət yetirməyimizi tələb edir. Bu məsələyə ciddi yanaşmasaq, sonda hazırlaşmadığımız hadisələrin şahidi ola bilərik.”
Bu sionist komandir həmçinin vurğulayıb: “İran qarşıdakı onilliklərdə bizimlə olacaq bir problemdir və onun intensivliyi artacaq. 2000 və ya 2010-cu ildəki İran 2020-ci ildəki İrandan tamamilə fərqlidir.”
O, həmçinin deyib: “Şahid olduğumuz bu məsələ işlərimizin önündə duran böyük bir problemdir. Bu problem o dərəcədə artacaq ki, bizdən bu problemin ölçüsünə uyğun büdcə və infrastruktura hazırlamağı tələb edəcək.”
İran bölməsinin rəhbəri əlavə edib: “İran bir neçə səviyyədə bizə meydan oxuyur; Birincisi, nüvə enerjisi sahəsində; ikincisi ətrafımıza yerləşməyə çalışan qüvvələrlə, üçüncüsü bütün düşmənlərimiz üçün silah-sursat, hərbi imkanlar, texnologiya göndərməsi ilə.”
O, daha sonra qeyd edib: “Bütün bu komponentlər İranın bizə qarşı yaratdığı bir problemin tərkib hissəsidir. Bu problem bizdən bütün ciddiliklə və reallıqla buna hazırlaşmağımızı tələb edir. İran fəal şəkildə çalışır ki, biz on, iyirmi və ya otuz ildən sonra burada mövcud olmayaq.