Sosial şəbəkədə polis tərəfindən təhqir olunduğunu bildirən İsmayıl Paşaəliyev adlı vətəndaşın görüntüləri yayılıb. Videogörüntülərdə onun 29 aprel tarixində DYP tərəfindən saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə aparılması və orada ona təzyiq göstərilərək milli mənsubiyyətinin alçaldılması il bağlı iddialar irəli sürülüb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bu barədə açıqlama verib. O, bildirib ki, sosial şəbəkələrdə Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi ilə bağlı yayılan məlumatlar həqiqətdən uzaqdır, böhtan və şantaj xarakterlidir.
Xəyal Talıbov vətəndaşın saxlanma səbəbinə aydınlıq gətirərək əlavə edib: “YPX-nin inspektoru rayon ərazisində hərəkətdə olan İsmayıl Paşaəliyevin idarə etdiyi “Opel” markalı avtomobili, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə nəzarət-yoxlama qaydasında saxlayıb. İ.Paşaəliyev bu zaman ona yaxınlaşan polis əməkdaşını təhqir edib və tabesizlik göstərib. Daha sonra o, etdiyi xırda xuliqanlıq əməlinə görə RPŞ-ə gətirilib və barəsində qanunamüvafiq protokol tərtib edilib. İsmayıl Paşaəliyevin “Youtube” video portalı vasitəsilə Xaçmaz RPŞ-nin DYP bölməsi barədə dediyi fikirlər özünü təmizə çıxarmaq və polis əməkdaşlarına şər yaxmaq məqsədi daşıyır”.