QafqazTimes xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi bəyanata görə Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Vyana sammitində heç bir ilkin şərt olmadan ikitərəfli münasibətlərin normallaşdırılması prosesini davam etdirmək barədə razılığa gəliblər.
Bu xüsusi nümayəndələr iki ölkə arasında münasibətlərin tam normallaşmasına nail olmaq məqsədini vurğulayıblar. Nümayəndələrin sözlərinə görə onlar səmimi və konstruktiv fikir mübadiləsi aparıblar. Görüşdə ciddi irəliləyişlərə nail olmaq məqsədi ilə həyata keçirilə biləcək mümkün tədbirlər də müzakirə edilib və onlar bu prosesi heç bir ilkin şərt olmadan davam etdirmək niyyətlərini bir daha dilə gətiriblər.
Ermənistan və Türkiyə müştərək sərhədlərə malik olmalarına baxmayaraq, iki ölkə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə iki ölkənin xarici işlər nazirləri arasında diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalanıb, lakin sənədlər heç vaxt ratifikasiya olunmayıb.
Ermənistan bu protokolları 2018-ci il martın 1-də ləğv edib. Ermənistan və Türkiyə yenidən iki ölkə arasında problemləri həll etmək üçün 2021-ci ildə xüsusi nümayəndələr təyin ediblər. Ankaranı Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç, İrəvanı isə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan təmsil ediblər.
Qeyd edək ki, xüsusi nümayəndələr ilk görüşlərini bu il yanvarın 14-də Moskvada, ikinci görüşlərini isə bu il fevralın 24-də Vyanada keçiriblər. Rəsmi İrəvan danışıqların gedişi ilə bağlı müsbət bəyanatlar verib və Türkiyə ilə sərhədlərin açılmasının Ermənistanın önəm verdiyi məsələlərdən biri olduğunu bildirib.