QafqazTimes xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən (çərşənbə günü) Əl-Əqsa məscidində İsrail qüvvələri ilə fələstinlilər arasında baş verən son qarşıdurmaya münasibət bildirib.
Ərdoğan Ankarada AKP millət vəkillərinin iştirakı ilə keçirilən toplantıda deyib: “Biz danışdığımız bütün İsrail rəsmilərinə Məscidül-Əqsa ilə bağlı həssaslığımızı bildirdik.”
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, o, Türkiyənin Məscidül-Əqsada baş verənlərə heç vaxt göz yummayacağını bildirərək deyib: “Bütün dünya sussa belə, Qüdsü ən yüksək səslə müdafiə etməyə davam edəcəyik.”
Türkiyə prezidenti həmçinin sionistlərin fələstinlilərə qarşı hərbi hücumlarının qarşısını almaq üçün dövlət başçıları ilə diplomatik təmaslarını davam etdirəcəyini açıqlayıb.
Ərdoğan Türkiyənin sionist rejimlə yaxın əlaqələri və eyni zamanda Fələstin məsələsinə dəstək verməsi ilə bağlı tənqidlərinə reaksiya verərək deyib: “Bizim İsraillə siyasi-iqtisadi əlaqələrimiz üçün gördüyümüz işlər bir tərəfə, Qüds məsələsi bir tərəfədir. Aydındır ki, Fələstin davasını müdafiə etməyin təsirli yolu İsraillə məntiqli, ardıcıl və balanslı bir münasibət qurmaqdır.”