QafqazTimes xəbər verir ki, ötən gün (cümə) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və sionist rejimin prezident İsak Hersoq arasında telefon danışığı olub.
“İ24” kanalının “Yediot Aharanot” qəzetinə istinadən verdiyi məlumata görə, tərəflər diplomatik əlaqələrin bərpası, o cümlədən səfirlərin, baş konsulların geri qaytarılması, uçuşların bərpası ilə bağlı müzakirələr aparıb və fikir mübadiləsi ediblər.
Yediot Aharanot əlavə edib ki, Ərdoğan və Hersoq ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına ümid etdiklərini ifadə ediblər. Türkiyə prezidenti eyni zamanda ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə Hersoqa təşəkkür edib.
Bundan əlavə sionist rejimin başçısı türkiyəli həmkarını bu ölkənin Ukraynadan buğda ixracı
müqaviləsində oynadığı rola və bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşünə görə təbrik edib.
Sionist rejimin baş naziri Yair Lapid bu həftənin çərşənbə günü Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra bəyan etmişdi ki, Ankara və Təl-Əviv münasibətlərini tamamilə normallaşdırıb və tezliklə hər iki tərəfin səfirləri təyin olunacaq.