Qafqaztimes xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi, Ərəb Birliyinin son bəyanatına münasibət bildirərək, Ankaraya qarşı əsassız iddialar irəli sürməkdə ittiham edən bir bəyanat yayıb.
Türkiyə bir neçə ərəb ölkəsi ilə münasibətləri normallaşdırmağa çalışarkən, Ərəb Birliyinin bu bəyanatı isinməkdə olan münasibətlərin üzərinə soyuq su tökdü. Bu, Ərdoğan hökumətini təəccübləndirdi və Ankaranı sərt mövqe tutmağa vadar etdi.
Ərəb Liqasının 9 sentyabr 2021-ci ildə Qahirədə keçirilən toplantısında Türkiyə İraq və Suriyanın bir hissəsini işğal etməkdə günahlandırıldı və Türkiyə ərazisinin ekstremist qruplar üçün münbit bir yer olduğu və onlar sığınacağına çevrildiyi qeyd edildi.
Türkiyə Xarici İşlər Nazirliyi də öz növbəsində Ankaraya qarşı irəli sürülən iddialara cavab olaraq bir bəyanat yayıb. Bəyanatda deyilir: “Ümumiyyətlə bütün əsassız iddiaları rədd edirik. Aydındır ki, bəzi ərəb ölkələrinin öz işlərini və planlarını gizlətmək məqsədilə Türkiyəyə qarşı əsassız iddialar irəli sürməsi dost və qardaş ərəb xalqının nəzərində etibarsızdır. Bu yanaşmaların davam etdirilməsində israr etmək bölgənin heç bir ölkəsinin marağına və atılan son müsbət addımlara uyğun deyildir”.