“Azərbaycanda yaxın 5 ilə smart-kart tipli sayğaclardan, demək olar ki, tam imtina ediləcək“.
Bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, ya üzərində smart qurğusu olan mexaniki tipli sayğac və yaxud onlayn rejimdə işləyən sayğaclar mövcud olacaq:
“Sayğaclarla bağlı mövzu gündəmdən düşmür. Əsas səbəbi də ondan ibarətdir ki, biz qazın satışını sayğacla həyata keçiririk, ölçülməsini sayğacla aparırıq və ödənişi sayğac göstəricilərinə görə tələb etdiyimizə görə, abonent üçün bu mövzu həmişə maraqlıdır. Buna görə də, dəfələrlə ictimaiyyətə, abonentlərə məlumat vermək bizim borcumuzdur. Bizdə smart sayğac olmayıb, bizdə smart-kart tipli sayğaclar olub, bu tip sayğaclar isə oflayn rejimdə işləyən qurğulardı. Bu gün həmin qurğulardan, sayğaclardan heç Avropada da istifadə olunmur. Bunlar müəyyən zaman üçün, 2009-2012-ci illər üçün gündəmdə olan qurğular idi. Amma indiki zamanda sistem ya oflayndır, ya da ki, işləyirsə, onlayn rejimdə olmalıdır. Ona görə də biz bu mexaniki sayğacları quraşdıraraq, onların üzərində xüsusi onlayn rejimdə işləyən qurğular da quraşdırırıq və onlayn olaraq biz məlumatları onlardan həm götürə bilirik, həm kənardan dayandırılmasını həyata keçirə bilirik. Artıq yeni texniki şərtlə müraciət edən MTK-da bunun tətbiqinə başlamışıq”.
Ruslan Əliyev onu da deyib ki, bugünkü gün şəbəkədə 60 minə yaxın belə sayğac quraşdırılıb:
“Hələ ki, smart-kart tipli sayğaclardan imtina etməmişik, ancaq zamanla, yaxın 5 ilə smart-kart tipli sayğaclardan, demək olar ki, tam imtina edəcəyik. Yəni ya üzərində smart qurğusu olan mexaniki tipli sayğac və yaxud onlayn rejimdə işləyən sayğaclar mövcud olacaq. Onu da bildirim ki, bizim onlayn rejimdə işləyən sayğaclarımız da var, 10 ədədini biz Bakı şəhərində pilot layihə kimi quraşdırmışıq”, – deyə əlavə edib.