Dövlət Statistika Komitəsi 2021-ci ilə dair pərakəndə ticarət məlumatlarını açıqlayıb.
“Əhali ərzaq mallarının alınmasına il ərzində 24 milyard manat pul xərcləyib. Beş il ərzində əhalinin ərzaq xərclərinin 6,12 milyard manat, yəni 34,2 faiz artması müşahidə edilib.
Məlumatlardan aydın olur ki, əhalinin xərclərində ən böyük artım tərəvəzlərdir. Beş il əvvəl tərəvəzlərə 1,99 milyard manat pul xərcləndiyi halda ötən il 4,79 milyard manat xərc çəkilib. Qısa müddətdə tərəvəzə çəkilən xərc 2,8 milyard manat (2,41 dəfə) artıb.
Xərclərin böyüklüyünə görə ikinci sırada ət, balıq və onlardan alınan məhsullar dayanır. Bu məhsullara 3,91 milyard manat xərclənib. Beş il əvvəl ət, balıq və onlardan alınan məhsullara 3,367 milyard manat xərclənmişdi.
Meyvələrə çəkilən xərc ötən il 2,42 milyard manat olub. Son 5 il ərzində meyvə xərcləri 274 milyon manat artıb.
Taxıl və ondan alınan məhsullara (un, çörək, makaron, yarma və s.) çəkilən xərc də böyük olub. Ötən il ərzində bu məhsullara 1,92 milyard manat pul xərclənib. Ötən beş il ərzində bu məhsul qrupu üzrə xərclər 400 milyon manat artacaq.
Əhalinin ərzaq xərclərində şəkər və şirniyyat məhsullarının da böyük payı var. Belə ki, 2021-ci ildə şəkər və şirniyyatın alınmasına 1,73 milyard manatdan çox pul sərf olunub. Beş il ərzində bu xərclər 210 milyon manat artıb.
Yağlara çəkilən xərc 1,31 milyard manat olub. Bu xərclərin əsas hissəsini isə kərə yağına çəkilən xərc təşkil edib. Kərə yağının alışına 728 milyon manat ayrılıb. Yağlara çəkilən xərc 5 il ərzində 400 milyon manat artıb.
Süd və süd məhsullarına 1,16 milyard manat xərclənib və son 5 ildə bu xərclər 287 milyon manat artıb. Yağlara çəkilən xərclərdə ciddi artım yoxdur.
Ümumilikdə, əhalinin ərzağa xərclədiyi pulun 20 faizi tərəvəzlərə, 16,3 faizi ət və balığa, 10 faizi meyvələrə, 8 faizi taxıl məhsullarına, 7,2 faizi şirniyyata, 5,5 faizi yağlara, 4,8 faizi süd və süd məhsullarına sərf olunub.