Tovuz döyüşlərinin baş verdiyi postlarda vəziyyət belədir – FOTO

Tovuz döyüşlərinin ikinci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsinə mediatur təşkil olunub.

Mediatur çərçivəsində hərbi hissədə yaradılmış şəraitlə tanış olunub, əsgər və zabitlərin günlük xidmət prosesi izlənilib.

KİV nümayəndələrinə bildirilib ki, hərbi hissədə yeməklər xüsusi aşpazlar tərəfindən hazırlanır, yataq dəstləri, paltarların yuyulması üçün isə camaşırxana fəaliyyət göstərir.

Qeyd edilib ki, hərbi hissədə təsərrüfat işlərində mülki işçilər çalışır.

Daha sonra mediatur iştirakçıları “N” saylı hərbi hissənin topçularının gündəlik təlim prosesi ilə tanış olub.

Sonda isə hərbi hissənin müxtəlif yüksəklikdə yerləşən postlarına baş çəkilib, orada yaradılmış şərait barədə jurnalistlərə məlumat verilib.

Qeyd edək ki, 2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Ermənistan ordusunun bölmələri daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmağa davam edib.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub. Həmin gün qarşı tərəf dövlət sərhədində irimiqyaslı təxribata əl atıb. Amma Ermənistan ordusunun bu təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzədək hərbi qulluqçusu məhv edilib.

Tovuz döyüşlərində Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olublar. Erməni təxribatları nəticəsində mülki şəxs, 76 yaşlı Əziz Əzizov da həlak olub.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla general-mayor Polad Həşimova və polkovnik İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO