QafqazTimes xəbər verir ki, Sionist rejimin baş nazirlik ofisi elan edib ki, bu rejimin siyasi-təhlükəsizlik kabineti 3 saatlıq iclasdan sonra işğal olunmuş Qüdsdə cihad əməliyyatlarına reaksiya olaraq İordan çayının qərb sahilindəki sionist yaşayış məntəqələrində təhlükəsizlik tədbirlərinin artırılmasına qərar verib.
İbranidilli media bazar günü səhər xəbər verib ki, Təl-Əviv baş nazirinin ofisi təhlükəsizlik tədbirləri ilə bağlı əlavə təfərrüatlar təqdim etməyib, lakin tədbirin “terror hücumlarına və bunun ardınca keçirilən qələbə şadlıqlarına” cavab olacağını bildirib.
Təl-Əviv təhlükəsizlik kabineti də buna əsaslanaraq, işğal altında olan Qüdsdə uğurlu əməliyyat keçirən fələstinli mücahidin evinin sökülməsi üçün dərhal möhürlənməsinə qərar verib.
“Walla News” saytının məlumatına görə, həmçinin fələstinli mücahidlərin ailələrinin maaş, sığorta və digər imtiyazlardan məhrum edilməsi qərara alınıb. Təbii ki, bu hərəkətin necə və kimə qarşı tətbiq ediləcəyi barədə ətraflı məlumat verilməyib.
Bu bəyanatda bildirilir ki, Təl-Əviv Nazirlər Kabinetinin bazar günü keçiriləcək iclasında həmçinin fələstinli mücahidlərin ailələrinə şəxsiyyət vəsiqəsinin verilməməsi ilə bağlı qanun layihəsi müzakirə olunacaq.
Təhlükəsizlik kabinetinin iclasının məzmunu ilə tanış olan yüksək rütbəli sionist rəsmi Walla News-a bildirib ki, sionist yaşayış məntəqələrinin təhlükəsizliyinin gücləndirilməsi üçün dəqiq hansı tədbirlərin görüləcəyinə qərar verilməyib və bu həftənin sonunda Təl-Əvivin baş naziri Binyamin Netanyahunun iştirakı ilə ayrıca müzakirə aparılacaq.