Qafqaztimes xəbər verir ki, ABŞ tərəfindən sanksiyaya məruz qalan sionist “NSO” şirkətinin baş direktoru istefa verdiyini açıqlayıb.
“The Guardian” qəzeti cümə axşamı sionist mediasına istinadən yazıb ki, İsaak Bonnisti bu ayın əvvəlindən şirkətin yeni baş direktoru təyin edilmişdi. O, cəmi iki həftə bu vəzifədə qala bilib.
Mübahisəli “Pegasus” casusluq proqramının istehsalçısı olan NSO, keçən həftə ABŞ-ın Ticarət Departamenti tərəfindən qara siyahıya salınıb.
ABŞ hökuməti bu barədə bildirib ki, “Pegasus” casusluq proqramı ətrafında yaranan problemlər ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik maraqlarına ziddir.
Bu embarqonun nəticəsi olaraq heç bir ABŞ şirkətinin NSO-ya hər hansı avadanlıq və ya proqram təminatı göndərmək hüququ yoxdur. Həmçinin bu sionist şirkəti beynəlxalq şirkətlərlə əməkdaşlıq edə bilməyəcəkdir.
Sionist şirkət buna cavab olaraq bildirib ki, Vaşinqtonun bu qərarından təəssüflənirik, çünki bu şirkətin məhsulları ABŞ-ın milli maraqlarını, eləcə də terrorizm və cinayətin qarşısını almaq siyasətini dəstəkləyir.