Rəşad Dağlının törətdiyi qətllə bağlı yeni təfərrüat məlum olub.
Qətl R.Dağlıya məxsus “Niva” markalı avtomobildə baş verib.
Əldə edilən görüntülərdə avtomobilin salonunda qan izlərinin olduğu aşkar görünür.
Həmin görüntülər:
11:09
Gecə saatlarında qətl törədən meyxanaçı Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
R.Dağlının əməli sübuta yetirilərsə, onu doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
10:57
Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi şəxslə bağlı bəzi detallar məlum olub.
Qətlə yetirilən İskəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub.
O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
10:32
Noyabrın 9-u saat 05:00 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bununla bağlı Qaradağ Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
10:13
Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının bibisi oğludur.
1979-cu il təvəllüdlü Mehtiyev İskəndər Namiq oğlu gecə saatlarında 1984-cü il təvəllüdlü Rəşad Əmirova (Rəşad Dağlı) zəng edib və mübahisə edib.
Mübahisə zamanı o, R.Dağlıya ağır söyüşlər söyüb və təhqir edib.
R.Dağlı söyüş və təhqirlərə dözməyərək, İ.Mehtiyevdən ünvan soruşaraq ora gedib. Telefonda yaranan mübahisə üzbəüz davam edib və nəticədə R.Dağlı İ.Mehtiyevə bıçaq zərbəsi vuraraq öldürüb.
R.Dağlı hadisəni törətdikdən sonra dərhal ərazi üzrə polis bölməsinə gedərək təslim olub.
Faktla bağlı araşdırma aparılır.
08:55
Rəşad Dağlı qətli törətdikdən sonra polis bölməsinə gələrək cinayətini etiraf edib və təslim olub.
Bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib.
“Məlumata görə, onlar arasında daha əvvəl də ədavət olub”, – E.Hacıyev qeyd edib.
08:46
Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.
Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İskəndər Mehtiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.
Hadisəyə isə İskəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.
Belə ki, Rəşad Dağlı İskəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05:00 radələrində hər iki şəxs yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər.
Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İskəndəri bıçaqlayaraq öldürüb.
Hadisəni törədən 1984-cü il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılıb.
07:49
Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.
1984-cü il təvəllüdlü meyxanaçı İskəndər adlı şəxsi (soyadı dəqiqləşdirilir – red) bıçaqla öldürməkdə ittiham olunur.
R.Əmirov şübhəli şəxs qismində saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib.