QafqazTimes xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi televiziya çıxışında “Ukraynada xüsusi hərbi əməliyyatlar” barədə izahat verib.
ABŞ prezidenti Co Baydenin Ukraynanın paytaxtı Kiyevə səfərindən bir gün sonra Rusiya prezidenti Vladimir Putin Moskvanın mövqeləri ilə bağlı etdiyi televiziya çıxışında müharibənin əsas səbəbkarının Rusiya deyil, “Nasist rejimi” və NATO üzvü olan ölkələrin olduğunu bəyan edib.
Putin bu çıxışında bildirib ki, Rusiya Donbas regionunun problemlərini sülh yolu ilə həll etmək üçün əlindən gələni etdi, lakin Qərbin başqa bir ssenarisi var idi.
Rusiya prezidentinin sözlərinə görə, Kiyev rejimi Donbass əhalisinə hücumlarını davam etdirdi və Donbass Respublikası Rusiyadan onların köməyinə gəlməsini gözləyirdi.
Amerikanın Ukraynanın işlərinə açıq-aşkar müdaxiləsinə toxunan Rusiya prezidenti bəyan edib ki, Qərb ölkələri hələ Ukraynada xüsusi hərbi əməliyyatlar başlamazdan əvvəl müdafiə sistemləri göndərirdi.
Amerikanın dünyadakı hərbi addımlarını pisləyən Putin belə bəyan edib: “ABŞ yeganə ölkədir ki, dünyanın hər yerində çoxlu sayda hərbi bazası var.”
Putinin sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyatlar başlamazdan əvvəl Rusiya Qərblə danışmağa hazır idi və uzun illər ümumi təhlükəsizlik arxitekturası üzrə birgə əməkdaşlıq təklif edirdi.
O, sözünün davamında bildirib: “Ukraynada xüsusi hərbi əməliyyatlar başlamazdan əvvəl biz NATO və Amerikaya təhlükəsizlik zəmanətlərini müzakirə etmək üçün nümayəndə heyəti göndərdik, lakin onlar bu komandanı qəbul etməkdən imtina etdilər.”
Rusiya prezidenti həmçinin deyib: “Şərəf, etibar, ədəb anlayışları Qərbə aid deyil. Onlar bütün dünyaya tüpürməyə öyrəşiblər. Məlum oldu ki, onlar öz ölkələrinin insanları ilə də eyni cür davranırlar.”
O, çıxışında Rusiyanın qonşu regionlarında Qərb hərbi bazalarının yerləşdirilməsi istiqamətində “Kiyev rejiminin qərbli ağalarının” Ukraynanı NATO-ya üzvlüyə sövq etdiyini xatırladıb. Putinin sözlərinə görə, Rusiyanın məqsədi ukraynalılara zərbə vurmaq deyildi və Ukrayna xalqı Kiyev rejiminin girovudur.
Qərb ölkələrinin Ukrayna və Rusiyaya qarşı mövqelərini pisləyən Vladimir Putin bəyan edib: “Keçmişdə Avropada nasizmin qapılarını açan Qərb olub, indi də bunu təkrarlamağa çalışırlar.”