İtaliyada bir müddət əvvəl həbs edilmiş Siciliya mafiya başçısı Matteo Messina Denaronun gizli bunkeri aşkarlanıb.
30 il polisdən gizlənən Denaro yanvarın 16-da həbs edilib.
Onun gizli bunkerinin girişi Kampobello-di-Madzara şəhərindəki evdə, paltarlar olan şkafda yerləşir. Denaronun evinin əvvəllər mafiya ilə əlaqəsinə görə mühakimə olunan, lakin 2001-ci ildə bəraət qazanan şəxsə aid olduğu güman edilir. Hazırda bunkerin imkanları tam olaraq məlum deyil.
Müstəntiqlərin sözlərinə görə, həmçinin zümrüd, brilyant və digər qiymətli daşlar da aşkarlanıb. Eyni zamanda ekspertlər 2017-ci ildə vəfat edən əsas mafiya başçısı Toto Riinanın sənədlərinin olduğu gizli arxivi axtarırdılar.
Mənbələrin bildirdiyinə görə, qiymətli kağızlar Denaro tərəfindən oğurlanıb və cinayətkar dəstənin son 40 il ərzində törətdiyi qətllərin sirlərini ehtiva edir.
Prokurorların fikrincə, Denaronun Siciliya mafiyasının törətdiyi ən dəhşətli cinayətlərdən bəziləri haqqında məlumatı var. 1992-ci ildə mafiyaya qarşı mübarizə üzrə hakimlər Covanni Falkone və Paolo Borsellinonun ölümü ilə nəticələnən partlayışlar da bu sıraya daxildir. Eləcə də Denaronun 1996-cı ildə mafiya başçısının 12 yaşlı oğlu Cüzeppe Di Matteonun qətlindən də məlumatlı olduğu bildirilir. 12 yaşlı Cüzeppe Di Matteo cinayətin şahidi olduğu üçün boğularaq öldürülüb və cəsədi turşuda əridilib.
Məlum olduğu kimi, Denaro onlarla insanı şəxsən öldürməkdə və ya qətlinə sifariş verməkdə təqsirli bilinərək qiyabi şəkildə ömürlük həbs cəzasına məhkum edilib. Onun atası “Cosa Nostra” mafiyasının başçısı olub. Denaro öz növbəsində ailə biznesini ələ keçirib, həmçinin tullantıların idarə edilməsi, külək enerjisi və ticarət üzrə milyardlar gətirən qeyri-qanuni imperiya qurub.
Eyni zamanda İtaliya mafiya başçıları evlərinin altında qaçış tunelləri yaratmaqla tanınırlar. Onlar dağlarda bunkerlər tikirlər ki, bu bunkerlərə ancaq piyada getmək mümkündür, həmçinin də qaçmalı və gizlənməli olduqları hallar üçün meşədə sığınacaqlar qururlar.