Ölmüş körpənin doğum evindən qaçırılması ilə bağlı AÇIQLAMA (Video izlə)

  • Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 26 günlük uşağın meyitinin ailənin razılığı olmadan xəstəxanadan çıxarılıb qaçırılması anının görüntüləri ilə bağlı açıqlama verib.

    Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 30-da ana Züleyxa Əkbərovanın körpəsi dünyaya gəlib və o, doğuş zamanı ağır asfiksiya, yenidoğulmuşun qıcolması və yenidoğulmuşun tənəffüs çatışmazlığı diaqnozları ilə Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə daxil olub:

    “Körpə süni tənəffüs aparatına qoşulub. Müayinə və müalicəsi müəssisədə davam etdirilən körpə laborator göstəriciləri nəzərə alınaraq hipotermiya aparatına keçirilib və 72 saatdan sonra ayrılıb. Vəziyyətin ağırlığı – ağır asfiksiya nəticəsində yaranan ürək və MSS tərəfindən olan pozulma ilə əlaqədar olub. Doğulduğu andan neonatal koma vəziyyətində olub.

    26 gün Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsində kliniki, laborator, funksional müayinələrdən keçib. Vəziyyəti nəzərə alınaraq kardioloq, nevroloq, oftalmoloq, neyrocərrah tərəfindən konsultasiya aparılıb. Körpənin şöbədə müalicəsi davam etdirildiyi müddətdə valideynlərin mütəmadi məlumatlandırılması aparılıb, görüşlər təşkil olunub, ailə körpənin video və fotosu ilə təmin edilib.

    Ailənin körpə ilə dəfələrlə görüşü təşkil olunub. Bununla bağlı müəssisəmizdə videosübutlar da mövcuddur. Aparılmış zəruri bütün tədbirlərə baxmayaraq, yenidoğulmuş 26.07.2022-ci il tarixində saat 12:54-də poliorqan çatışmazlığı nəticəsində tələf olub. Müəssisə tərəfindən bununla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə və Yasamal Rayon Prokurorluğuna məlumat verilib”.

    Bildirilib ki, Yasamal Rayon Prokurorluğundan uşağın meyitinin yarılması üçün Patoloji Anatomiya Bürosuna təhvil verilməli olduğu bildirilib:

    “Əhalinin Sağlamlıq vəziyyətinin qorunması haqqında” qanunun 41-ci maddəsində patoloji-anatomik yarma barədə bildirilir ki, patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
  • Hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında patoloji-anatomik yarmanın aparılması məcburi hesab edilir və bunun üçün vəfat etmiş şəxslərin yaxınlarından icazə alınmaya bilər.

    Sözügedən hadisədə 26.07.2022-ci il tarixdə saat 15:40-da Patoloji Anatomiya Bürosuna təhvil verilməsi üçün müəssisənin əməkdaşları – direktorun inzibati məsələlər üzrə müavini İkram Ağayev, neonatoloq Nigar Şahbazova və şöbənin əməkdaşı Cahan Qəmbərova müəssisəyə məxsus avtomobillə meyiti Patoloji Anatomiya Bürosuna aparmaq istəyərkən müəssisənin həyətində Əkbərova Züleyxa Tahir qızının qohumları tərəfindən müəssisənin balansında olan “Niva” markalı 10-AR-131 dövlət qeydiyyat nişanlı avtomobilə hücum edilib.

    Avtomobilə zərbələr endirilməklə ön şüşəsi qırılıb, içəridə oturan İ.Ağayevin çənə nahiyəsinə, C.Qəmbərovanın üzünə xəsarətlər yetirilib və C.Qəmbərovadan uşağın meyiti dartılıb alınıb. Qeyd etmək istəyirik ki, İnstitutun balansında təcili tibbi yardım avtomobili mövcud olmadığından meyit balansda olan “Niva” markalı maşın ilə aparılırdı.

    Bu zaman müəssisənin həyətində hüquq-mühafizə orqanlarının əməkdaşları da olublar. Məsələ ilə bağlı mühafizə xidməti müdaxilə edib, Yasamal Rayon 27-ci Polis Bölməsinə və Yasamal Rayon Prokurorluğuna məlumat verilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəldikdən sonra Yasamal Rayon Prokurorluğunun əməkdaşının iştirakı ilə meyit uşağın atası tərəfindən Patoloji Anatomiya Bürosuna verilməsi üçün götürülüb.

    Əməkdaşlarımıza və dövlətin balansında olan avtomobilə dəyən zərərlə bağlı, eyni zamanda əməkdaşlarımızın təhqir olunması ilə bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına məlumat veriləcək”.

    Qeyd edilib ki, məsələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü, ağırlaşmış doğuş hallarının təhlili üzrə komissiyasının nəzarətindədir. Komissiyanın üzvləri tərəfindən xəstəlik tarixlərinin təhlili aparılır.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))